Universitetlərdə diferensial əməkhaqqı sistemi: elmi fəaliyyət maaşa necə təsir edir?

30 Yanvar, 2026 - 13:17
Universitetlərdə diferensial əməkhaqqı sistemi:

Son illər ali təhsil müəssisələrində müəllim əməyinin qiymətləndirilməsində klassik “dərs yükü” yanaşmasından tədricən uzaqlaşma müşahidə olunur. Universitetlərdə elmi fəaliyyət, beynəlxalq nəşrlər, layihələrdə iştirak və akademik göstəricilər əməkhaqqının formalaşmasında əsas meyarlara çevrilir. “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bir sıra ali təhsil müəssisələri müəllimlər üçün tətbiq etdikləri diferensial əməkhaqqı mexanizmləri və mövcud maaş göstəriciləri ilə bağlı məlumat verib.

ADNSU: Elmi nəticələr əsas stimuldur

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) son 4–5 ildir ki, professor-müəllim heyəti üçün elmi nəticələrə əsaslanan diferensial əməkhaqqı mexanizmi tətbiq olunur. Universitetdən bildirilib ki, bu sistem müəllimlərin dərs yükünə deyil, əsasən onların elmi fəaliyyəti, elmi dərəcə və adları, beynəlxalq və yerli konfranslarda iştirakı, eləcə də “Scopus” və digər indekslərdə dərc olunan məqalələrinə görə maaş artımını nəzərdə tutur.
Gələcək mərhələdə bu mexanizm çərçivəsində universitetə layihələrin cəlb olunması və büdcəyə əlavə maliyyə mənbələrinin gətirilməsi də stimullaşdırılacaq. 2025-ci ildə 270 nəfər professor-müəllim heyəti üzvü bu sistemdən yararlanıb. Yeni maaşlar artıq bu il yanvarın 1-dən tətbiq edilir.
Artımdan sonra maaşlar belədir:

Professor – 2150 AZN
• Dosent – 1700 AZN
• Baş müəllim – 1500 AZN
• Müəllim – 1350 AZN

ADPU: Reytinq əsaslı qiymətləndirmə sistemi tətbiq olunur

Azərbaycan Dövlət Pedaqoji Universitetində də akademik heyətin fəaliyyəti diferensial yanaşma əsasında qiymətləndirilir. Burada müəllimlər üçün reytinq əsaslı qiymətləndirmə sistemi tətbiq olunur və bu sistem 100-dən artıq meyar əsasında aparılır. Bu meyarlara elmi dərəcə və elmi ad, elmi-tədqiqat və tədris fəaliyyəti, akademik layihələrdə iştirak və digər peşəkar göstəricilər daxildir.
Reytinq nəticələrinə uyğun olaraq müəllimlərin əməkhaqqına müəyyən edilmiş qaydada fiks əlavələr tətbiq edilir. Elmi fəaliyyəti stimullaşdırmaq üçün beynəlxalq bazalarda, o cümlədən Q kateqoriyalı jurnallarda məqalə dərc edən müəllimlərə birdəfəlik mükafatlar da verilir.
Hazırda ADPU-da əsas aylıq əməkhaqqı belədir:

• Professor – 1350 AZN
• Dosent – 1200 AZN
• Baş müəllim – 1050 AZN
• Müəllim – 960 AZN

UNEC: Maaşlar reytinqə görə qat-qat artır

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2015-ci ildən diferensial əməkhaqqı sistemi tətbiq olunur. Bu sistem ştatla və əsas iş yeri UNEC olan yarımştat və əvəzçiliklə çalışan professor-müəllim heyətini əhatə edir.
Müəllimlərin fəaliyyəti reytinq siyahısı əsasında qiymətləndirilir və hər tədris ilinin əvvəlində Elmi Şura tərəfindən müəyyən edilən əmsallar üzrə maaşlara əlavələr edilir.
Reytinq nəticələrinə əsasən:

• 1–10-cu yerləri tutanların maaşı 2 dəfə,
• 11–30-cu yerləri tutanların maaşı 1,7 dəfə,
• 31–60-cı yerləri tutanların maaşı 1,5 dəfə,
• 61–100-cü yerləri tutanların maaşı 1,2 dəfə artırılır.

Qiymətləndirmədə elmi fəaliyyət 70 faiz, tədris fəaliyyəti isə 30 faiz nisbətində nəzərə alınır.

BSU: Fevraldan diferensial əməkhaqqı tətbiq ediləcək

Bakı Slavyan Universitetindən bildirilib ki, fevral ayından diferensial əməkhaqqı sistemi tətbiq olunacaq. Sistem işə düşdükdən sonra bütün professor-müəllim heyətinin fəaliyyəti qiymətləndiriləcək. Müəllimlər nəşrləri, tədqiqatları və peşəkar inkişaf fəaliyyətləri barədə məlumatları könüllü şəkildə təqdim edirlər.
Maaşa əlavələr reytinq siyahısına əsaslanacaq:

• Ən yüksək bal toplayan 20 müəllimin maaşı 2 dəfə,
• 21–60-cı yerləri tutanların maaşı 40 faiz,
• 61–100-cü yerləri tutanların maaşı isə 20 faiz artırılacaq.

Universitetdən bildirilib ki, bu sistem müəllimlərin pedaqoji, elmi və peşəkar inkişaf fəaliyyətinə stimullaşdırıcı təsir göstərəcək, həmçinin təhsilin və elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsinə və universitetin reytinqinin artmasına xidmət edəcək.

BMU: Elmi-pedaqoji fəaliyyət əsas götürülür

Bakı Mühəndislik Universitetindən (BMU) verilən məlumata görə, 2024–2025-ci tədris ilindən müəllimlər üçün diferensial əməkhaqqı sistemi uğurla tətbiq olunur. Universitetdən bildirilib ki, bu mexanizm müəllimin illik elmi-pedaqoji fəaliyyətinin qiymətləndirilməsi əsasında formalaşdırılır.
Qiymətləndirmə aşağıdakı əsas meyarları əhatə edir:

• Elmi fəaliyyət – 50%
• Tədris fəaliyyəti – 40%
• Davamlı və ya müddətli komissiyalarda fəaliyyət – 10%

Müəllimlərin əməkhaqqının hesablanmasında onların elmi fəaliyyəti, elmi dərəcəsi və akademik göstəriciləri əsasən “Təhsil haqqında” Qanunla tənzimlənir. Bununla yanaşı, Nazirlər Kabinetinin müvafiq qərarları və universitetin daxili normativ sənədləri – diferensial əməkhaqqı və qiymətləndirmə qaydaları da tətbiq olunur.
Universitetlərin təqdim etdiyi məlumatlar göstərir ki, ali təhsildə müəllim əməyinin qiymətləndirilməsi tədricən daha obyektiv və nəticəyönümlü mexanizmlərlə əvəzlənir. Diferensial əməkhaqqı sistemləri müəllimləri yalnız dərs yükü ilə deyil, elmi məhsuldarlıq, beynəlxalq nəşrlər, layihələrdə iştirak və akademik fəallıqla qiymətləndirməyə yönəlib.

Bu yanaşma bir tərəfdən müəllimlərin elmi fəaliyyətə marağını artırır, digər tərəfdən universitetlərin beynəlxalq reytinqlərdə mövqeyinin güclənməsinə xidmət edir. Eyni zamanda, reytinq və bonus mexanizmləri müəllimlər arasında sağlam rəqabət mühiti formalaşdıraraq keyfiyyətli tədris və tədqiqatın stimullaşdırılmasına şərait yaradır.