"Uşağa hobbi seçimini məcbur etmək əvəzinə onu dinləmək daha faydalıdır" - Psixoloq

7 İyul, 2026 - 10:36
"Uşağa hobbi seçimini məcbur etmək əvəzinə onu dinləmək daha faydalıdır" - Psixoloq

Hobbilər uşaqların asudə vaxtını səmərəli keçirməsi ilə yanaşı, onların bacarıqlarının, yaradıcılıq potensialının və sosial vərdişlərinin inkişafında mühüm rol oynayır. Lakin hər bir uşağın maraq dairəsi və qabiliyyəti fərqli olduğundan hobbi seçimi də fərdi yanaşma tələb edir. Mütəxəssislər bildirirlər ki, valideynlər seçim zamanı öz istəklərini deyil, ilk növbədə övladlarının maraq və meyillərini nəzərə almalıdırlar. Bəs uşaqlar üçün hobbi seçərkən hansı məqamlara diqqət yetirilməli və valideynlər bu prosesdə necə davranmalıdır?

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan uşaq psixoloqu Zeynəb Əyyubova qeyd edib ki, hobbilər uşağın şəxsiyyətinin formalaşmasında, yaradıcılıq qabiliyyətinin inkişafında və emosional sağlamlığının qorunmasında mühüm rol oynayır:

“Məktəb yaşlarından etibarən uşaqlar öz maraq dairələrini kəşf etməyə başlayır və bu proses onların gələcək peşə seçimlərinə, sosial bacarıqlarına və özünəinamına da müsbət təsir göstərə bilər.
Valideynlərin əsas vəzifəsi uşağın maraqlarını məhdudlaşdırmaq deyil, onları müşahidə etmək, dəstəkləmək və düzgün istiqamətləndirməkdir. Uşağa hobbi seçimini məcbur etmək əvəzinə, onun maraqlarını dinləmək, müxtəlif fəaliyyətlərlə tanış olmasına şərait yaratmaq daha faydalıdır.

Əgər seçilən hobbi uşağın fiziki, psixoloji və ya sosial inkişafına mənfi təsir göstərə biləcək xüsusiyyət daşıyırsa, valideyn qadağalara üstünlük verməməlidir. Çünki sərt qadağalar əks reaksiya yarada və uşağın həmin fəaliyyətə marağını daha da artıra bilər. Bunun əvəzinə, açıq ünsiyyət qurmaq, həmin fəaliyyətin mümkün risklərini yaşına uyğun şəkildə izah etmək və alternativ maraqlı məşğuliyyətlər təklif etmək daha effektiv yanaşmadır”.

Psixoloq qeyd edib ki, məsələn, uşaq həddindən artıq vaxtını kompüter oyunlarına və ya sosial mediaya sərf edirsə, ilk növbədə bunun səbəbi araşdırılmalıdır:
“Bəzən bu, sadəcə əyləncə deyil, stressdən qaçış, diqqət çatışmazlığı və ya ünsiyyət ehtiyacının göstəricisi ola bilər. Bu halda əsas məqsəd problemi cəzalandırmaq deyil, onun kök səbəbini müəyyən edib aradan qaldırmaqdır.

Valideynlər həmçinin öz davranışları ilə uşaqlara nümunə olmalıdırlar. Kitab oxuyan, idmanla məşğul olan, yaradıcı fəaliyyətlərə vaxt ayıran valideynlərin övladlarında da sağlam hobbilərin formalaşma ehtimalı daha yüksək olur.

Sonda qeyd etmək istərdim ki, hər hobbi uşağın inkişafına xidmət etməlidir. Uşağın təhlükəsizliyinə, psixoloji rifahına və sosial münasibətlərinə zərər verməyən, əksinə, onun bacarıqlarını inkişaf etdirən fəaliyyətlər hər zaman dəstəklənməlidir. Valideyn nəzarəti isə nəzarətçi mövqedən deyil, anlayışlı, dəstəkləyici və maarifləndirici yanaşma üzərində qurulmalıdır”.