ÜST xəstəliklərlə bağlı hesabat yaydı: Övladlarınızı qoruyun!
Ümumdünya Səhiyyə Təşkilatı qida təhlükəsizliyi ilə bağlı narahatedici statistika açıqlayıb. Hesabata görə, hər il dünyada yüz milyonlarla insan çirklənmiş qida səbəbindən xəstələnir, milyonlarla insan isə həyatını itirir.
"Azərbaycan müəllimi" Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən xəbər verir ki, hər il təxminən 866 milyon insan, yəni dünya əhalisinin hər 9 nəfərindən biri çirklənmiş qida qəbul etdikdən sonra xəstələnir. Bu səbəbdən hər il 1,52 milyon insan həyatını itirir.
Hesabata əsasən, təhlükəli qidaların yaratdığı məhsuldarlıq itkiləri və tibbi xərclər dünya iqtisadiyyatına hər il təxminən 310 milyard ABŞ dolları zərər vurur. Qida mənşəli xəstəliklərin sağlamlıq yükünün 29 faizi isə 5 yaşdan kiçik uşaqların payına düşür. Təkcə 2021-ci ildə bu səbəbdən 143 min uşaq həyatını itirib.
ÜST bildirir ki, bakteriyalar, viruslar, parazitlər və kimyəvi maddələrlə çirklənmiş qidalar ishaldan xərçəngə qədər 200-dən çox xəstəliyə səbəb ola bilər. Xüsusilə körpələr, azyaşlı uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan insanlar daha yüksək risk qrupuna daxildir.
Qida mənşəli xəstəliklərə səbəb olan mikroorqanizmlər əsasən çiy və ya tam bişməmiş ət, pasterizə olunmamış süd məhsulları, çirklənmiş tərəvəz və meyvələr vasitəsilə insanlara yoluxur.
Hesabatda qida vasitəsilə yayılan viruslar arasında "Norovirus", "Hepatit A" və "Hepatit E" viruslarının da geniş yayıldığı qeyd olunur. Bu viruslar daha çox çiy və ya kifayət qədər bişirilməmiş dəniz məhsulları, meyvə-tərəvəz və bəzi heyvan mənşəli məhsullar vasitəsilə ötürülür.



