Vahid məktəbli forması şagirdləri təsir və müqayisədən qoruyan ən etibarlı vasitədir
"Məktəb hər bir uşağın dünyəvi biliklərə yiyələndiyi, bərabər şəraitdə böyüdüyü və formalaşdığı ortaq təhsil məkanıdır".
Bu fikirləri “Azərbaycan müəllimi"nə 217 nömrəli tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Aynur İbrahimova bildirib.
Onun sözlərinə görə, hər bir dəyərin, seçimin və geyim tərzinin cəmiyyətdə öz yeri olduğu kimi, məktəbin də özünəməxsus nizam-intizamı, işgüzar mühiti və vahid forma qaydaları vardır:"Uşaqların yaş və psixoloji xüsusiyyətləri nəzərə alınmadan yetkinlik dövrünə aid simvolik geyim formaları ilə dərsə gəlmələri onların hələ formalaşmamış idrakında sosial özünütəcrid yaradır, fiziki sərbəstliyini məhdudlaşdırır və təlim prosesində diqqətin fənnin məzmununa deyil, xarici görünüşə yönəlməsinə gətirib çıxarır. Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlilikləri aradan qaldıran, onları hər cür təsir və müqayisədən qoruyan ən etibarlı vasitədir".
A.İbrahimova qeyd edib ki, müəllim sinifdə fərdi baxışlarını deyil, dövlətin dünyəvi təhsil sistemini və pedaqoji neytrallığı təmsil etdiyi üçün onun işgüzar görünüşü bütün şagirdlərə bərabər təlim mühitinin təmin olunması baxımından peşə etikasının tələbidir. Hər bir uşağın uşaqlıq dövrünə hörmətlə yanaşmaq və məktəbin dünyəvi ruhunu qorumaq bizlərin borcudur".




