Valideyn komitələri təhsilə necə fayda verə bilər?
Müəllimlə valideyn arasında əməkdaşlığı artırmaq, təhsillə bağlı yenilikləri valideynlərin nəzərinə çatdırmaq məktəblərdə yaradılan valideyn komitələrinin fəaliyyətinin əsas meyarı olmalıdır. Amma komitələr bu meyarlara uyğun fəaliyyət göstərirlərmi? Ümumiyyətlə, onların fəaliyyəti nədən ibarətdir, tədris prosesində hansı formada iştirak edirlər?
“Valideynlərlə daha çox əməkdaşlıq edən müəllimlərin nailiyyəti daha yüksək olur”
Təhsil üzrə ekspert Ramin Nurəliyev “Azərbaycan müəllimi”nə bildirib ki, qanunvericilik valideynlərin təlim-tədris prosesində, məktəbin idarə olunmasında aktiv iştirakına imkan verir: “Məktəbin tədris prosesində valideynlərin iştirakı mümkündür. Hətta məktəb-müəllim-valideyn üçbucağının da əsas məqsədi valideynlərin tədris prosesinə cəlbini təmin etməkdir. Valideynlərin istər tərbiyə, istərsə də tədris məsələləri ilə bağlı proseslərə aktiv yanaşması uşağın akademik nailiyyətlərinə müəyyən qədər təsir göstərir. Valideynlərlə daha çox əməkdaşlıq edən müəllimlərin nailiyyəti digərlərinə nisbətən daha yüksək hesab olunur. Təəssüflər olsun ki, valideyn komitələrinin işləmə mexanizmi bir az fərqlidir. Valideyn komitələri deyəndə “whatsapp” qrupunun yaranması, müəyyən məbləğin toplanılması üçün işlərin görülməsi başa düşülür. Əslində, bu, belə olmamalıdır. Valideyn komitələrinin rolu müəllimlə valideyn arasında vasitəçilik funksiyasını yerinə yetirmək, təhsillə bağlı müsbət təşəbbüslərlə çıxış etməkdir. Beynəlxalq təcrübədə görürük ki, istər dövlət, istərsə də özəl məktəblərdə valideyn məktəbə müəyyən qədər kömək göstərir və bu, könüllü olur. Məsələn, hansısa bir məktəbdə idman zalı təmir olunmalıdırsa və valideynlərdən birinin təmir-tikinti şirkəti varsa, həmin valideyn bu işə dəstək göstərir. Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə bu komitələr məktəbin fəaliyyətində fəal iştirak edir. Belə ki, ianə hesabına maliyyələşən fond yaradılır və bu fondun vəsaitlərindən məktəbə dəstək üçün istifadə olunur”.
“Ölkəmizdə valideyn komitələri tam formalaşmayıb”
Ramin Nurəliyevin fikrincə, ölkəmizdə valideyn komitələri tam formalaşmayıb: “Belə düşüncə formalaşıb ki, valideyn komitələri, valideynlərin “Whatsapp” qrupları yaradılarsa, bunlar yalnız hər hansı bir məbləğin yığılmasına xidmət göstərəcək. Çünki valideyn komitələrinin aktivliyi nəzərə çarpmadığına görə onların fəaliyyəti sırf bu istiqamətdə daha çox ön plana çıxır. Əslində, valideyn komitələri təlim-tədris prosesinə cəlb olunarsa, bu prosesə aktiv yanaşarlarsa, ianə məsələləri ortaya çıxanda valideynlər özləri könüllü yardım edə bilərlər. Düzdür, bizdə məktəbə könüllü maliyyə yardımı edən valideynlər var. Amma bunun təbliğatı və təşviqatı yüksək formada olmalı, məktəb rəhbərliyi tərəfindən diqqətdə saxlanılmalıdır. Valideyn ancaq pul yığma məsələlərində yada düşməməli, o, tədris prosesinə də qoşulmalıdır. Məktəblə bağlı məsələlərdə valideynin fikri nəzərə alınarsa, valideyn komitəsi də dedikdə ağla yalnız pul yığımı məsələsi gəlməz”.
“Bu gün müəllim-valideyn münasibətləri arzu olunan səviyyədə deyil”
Təhsil eksperti Nadir İsrafilov isə hesab edir ki, hazırda məktəb-valideyn münasibətlərində nəzərəçarpacaq soyuqluq müşahidə olunur. Bunun əsas səbəblərindən biri yüksək texnologiyaların canlı ünsiyyətin önünə keçməsidir: “İstəsək də, istəməsək də razılaşmalıyıq ki, bu gün məktəb-ailə, müəllim-valideyn münasibətləri heç də arzu olunan səviyyədə deyil. Bəlkə elə bunun nəticəsidir ki, məktəb-valideyn münasibətlərində soyuqluq tendensiyası özünü daha qabarıq biruzə verir. Təlim-tərbiyə sahəsində baş verən neqativ hallara görə qarşılıqlı ittihamlar irəli sürülür, məktəb valideyni, valideyn məktəbi günahlandırır. Bəlkə də ifrat dərəcədə virtuallıq buna şərait yaradır. Elmi-texniki tərəqqi, texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik ötürücüsü və tərbiyə ocağı olan məktəbi, müəllim faktorunu arxa plana keçirib.
O qədər də uzaq olmayan keçmişdə pedaqoji kollektivə ümumtəhsil prosesinin, təhsilalanların dərsdənkənar vaxtının, sosial müdafiəsinin təşkilinə yardım məqsədilə yaradılan ictimai əsaslı valideyn komitələri məktəb rəhbərliyi, Pedaqoji Şura, ictimai təşkilatlarla mövcud qanunvericilik çərçivəsində əməkdaşlıq edir, uşaqların tərbiyəsində vahid tələbləri müəyyən etmək və onun səmərəliliyini artırmaq məqsədilə ailənin, məktəbin və ictimaiyyətin əlaqələrini möhkəmləndirməyə yardım edirdi. Məktəbin ümumi valideyn komitəsi ilə yanaşı, hər sinfin də valideyn komitələri fəaliyyət göstərirdi. Hər rübün sonunda sinif valideynlərinin iclasları, ilin sonunda isə ümumməktəb valideyn iclasları keçirilərdi. Hamı dərk edirdi ki, məktəb-müəllim-valideyn üçbucağının bütün mexanizmləri işlək olanda məktəb həyatı da saat mexanizmi kimi işləyir, bu, təlim-tərbiyədə, şagirdlərin hərtərəfli inkişafında uğurlara gətirib çıxarır. Sonralar bir çoxları nədənsə valideyn-müəllim-şagird münasibətlərinə köhnəlmiş sovet düşüncəsi kimi baxmağa başladı. Ona görə də valideynlə müəllim arasında sanki müəyyən uçurum yarandı. Görünür, bir ara bu vacib münasibətlərin məqsəd və məzmununu düzgün başa düşmədik, effektiv icra mexanizmini tapa bilmədik, bir çox hallarda isə bu kimi münasibətlərdə sui-istifadə hallarına yol verdik. Yoxsa nə oldu ki, birdən-birə cəmiyyətimizdə məktəbə edilən maddi dəstək müzakirə mövzusu oldu, ayrı-ayrı müəllimlərə, məktəb rəhbərlərinə qarşı ittihamlar irəli sürüldü. Bu kimi qarşıdurmalar xüsusilə 8 Mart - Beynəlxalq Qadınlar Günü və 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü ərəfəsində pik həddinə çatdırıldı. Belə hallar bu gün də davam edir. Kimin necə münasibət bəsləməsindən asılı olmayaraq, razılaşmalıyıq ki, cəmiyyətdəki problemlərin əksəriyyətinin kökü məhz təhsildən qaynaqlanır”.
Elektronlaşdırma valideynin məktəblə ünsiyyətini məhdudlaşdırır
Nadir İsrafilovun sözlərinə görə, “Rəqəmsal məktəb” platformasına keçid də məktəblə valideyn münasibətlərinə təsir göstərir: 
“Amma gəlin görək, bütün müəllim və direktorlar öz vəzifələrinin icrası ilə bağlı işləri elektron formada yerinə yetirə bilirlərmi? Bütün valideynlər övladının təhsil göstəricilərini identifikasiya kodu ilə onlayn izləmək imkanına malikdirlərmi? Məktəblərdə ənənəvi jurnalların elektron jurnal və gündəliklərlə, o cümlədən də kağız dərsliklərin elektron dərsliklərlə əvəz olunması və bu kimi yeniliklər heç şübhəsiz ki, təhsil sisteminin elektronlaşmasına xidmət edir. Elektronlaşma öz növbəsində informasiyanın əlçatanlığı baxımından yeni imkanlar açır və təhsil sisteminin təkmilləşməsinə müsbət təsir göstərir, elektron jurnallar valideynə məktəbə gedən övladını nəzarətdə saxlamağa imkanı yaradır. Məsələnin qeyri-məqbul cəhəti ondadır ki, bu hal valideynin bir növ məktəblə canlı ünsiyyətini məhdudlaşdırır və məktəb-valideyn münasibətində soyuqluğun yaranmasına zəmin yaradır”.


