Alternativ qeydiyyat mərkəzlərində 1398 valideynə dəstək göstərilib

22 May, 2026 - 11:53
Alternativ qeydiyyat mərkəzlərində 1398 valideynə dəstək göstərilib

Mayın 22-nə olan məlumata əsasən, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı Bakıdakı alternativ qeydiyyat mərkəzlərində ümumilikdə 1398 vətəndaş müraciətinə baxılıb.

Bu barədə "Azərbaycan müəllimi"nə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, 726 valideynə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsində dəstək göstərilib.

Müraciətlərdən 672-si Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə fəaliyyət göstərən 30 alternativ qeydiyyat mərkəzi tərəfindən qaydalara uyğun şəkildə icra olunub.

Qeyd edək ki, 2026-2027-ci dərs ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər müraciət edə bilərlər. Alternativ qeydiyyat mərkəzinə müraciət edərkən valideynin övladını özü ilə aparmasına ehtiyac yoxdur.

Alternativ qeydiyyat mərkəzlərində 1398 valideynə dəstək göstərilib