Valideynlər uşaqların rəqəmsal platformalardan istifadə etmələrinə diqqətlə yanaşmalıdır – Ombudsman

8 İyun, 2026 - 12:03
Valideynlər uşaqların rəqəmsal platformalardan istifadə etmələrinə diqqətlə yanaşmalıdır

Dövlət qurumları tərəfindən uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlayn platformalar üzərində nəzarət mexanizmlərinin gücləndirilməsi, risklərin hüquqi qiymətləndirilməsinin aparılması və preventiv fəaliyyətin həyata keçirilməsi zəruridir.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsininin müzakirəsində ombudsman Səbinə Əliyeva deyib.

O bildirib ki, bu məsələdə valideynlərin rolu danılmazdır. Valideynlərin uşaqların rəqəmsal platformalardan istifadə etmələrinə diqqətlə yanaşması, uşaqlarla açıq və etibarlı ünsiyyət qurması və onların virtual mühitdə qarşılaşa biləcəyi təhlükələr barədə maarifləndirilməsi, valideyn nəzarəti mexanizmlərinin tətbiq edilməsi olduqca vacibdir.

“Ombudsman Aparatı tərəfindən aparılan araşdırmalar göstərir ki, son illər uşaqlar arasında geniş yayılmış interaktiv platformalar və onlayn oyunlar ciddi risklər yaradır. Uşaqların istifadəsi üçün nəzərə tutulan rəqəmsal platformalarda yaş məhdudiyyətlərinin formal xarakter daşıması, səmərəli nəzarət mexanizmlərinin olmaması, şəxsi məlumatların qorunması sahəsində boşluqlar uşaqların hüquqlarının pozulmasına zəmin yaradır”, - deyə S.Əliyeva əlavə edib.