Valideynlərin daha təşkilatlanmış şəkildə birləşməsi vacibdir – Nərminə Hüseynova
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrini əhatə edən 2026-cı il üzrə Valideyn konfransları başa çatıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşəbbüsü ilə keçirilən konfranslar çərçivəsində sonuncu görüş Xəzər rayonu ümumi təhsil məktəbləri üzrə təşkil olunub.
Konfransda MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova, BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, İdarənin əməkdaşı, psixoloq Aysel Novruzova, məktəb direktorları, müəllimlər, məktəb psixoloqları və valideynlər iştirak ediblər.
MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova sağlam düşüncəli, müasir dövrün tələblərinə cavab verən gənclərin yetişdirilməsində məktəb, müəllim və valideyn əməkdaşlığının həlledici rolundan danışıb. Bu məqsədlə valideynlərin məktəb ətrafında daha təşkilatlanmış şəkildə birləşməsinin, proseslərin şəffaf və səmərəli qurulmasının vacibliyini qeyd edib. N.Hüseynova vurğulayıb ki, valideynlərlə açıq dialoqun qurulması, onları narahat edən məsələlərin dinlənilməsi, təklif və tövsiyələrinin nəzərə alınması gələcək addımların daha dəqiq müəyyənləşdirilməsinə imkan verir.
Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova valideynlərin məktəblə birgə əməkdaşlığının uşaqlarla bağlı məsələlərin vaxtında müəyyənləşdirilməsində oynadığı mühüm roldan bəhs edib. Bu əməkdaşlığın gücləndirilməsinin uşaqlar üçün daha təhlükəsiz və dəstəkləyici mühitin formalaşmasına töhfə verdiyi bildirilib.
Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov məktəblərin fəaliyyətinin cəmiyyətə düzgün şəkildə çatdırılmasında valideynlərin də mühüm rol oynadığını vurğulayıb. Sektor müdiri qeyd edib ki, valideynlər yalnız təhsil prosesinin izləyicisi deyil, eyni zamanda məktəbin təəssübkeşi kimi çıxış etməlidir. Bu yanaşma məktəb-icma münasibətlərinin daha sağlam və etibarlı əsaslar üzərində qurulmasına xidmət edir.
“Valideyn-məktəb əməkdaşlığı və ünsiyyətin düzgün təşkili mövzusunda təqdimatla çıxış edən BŞTİ-nin əməkdaşı, psixoloq Aysel Novruzova diqqətə çatdırıb ki, ünsiyyətin keyfiyyəti yalnız məlumat mübadiləsi ilə deyil, qarşılıqlı anlayışın formalaşması ilə ölçülür. Psixoloq qeyd edib ki, valideyn və məktəb arasında qurulan ardıcıl və məqsədyönlü ünsiyyət uşağın davranışına təsir edən amillərin daha düzgün yönləndirilməsinə şərait yaradır.
Daha sonra iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb. Valideynlər məktəblərdə psixoloqların sayının artırılmasını, həmçinin məktəb psixoloqlarının yalnız şagirdlərlə deyil, valideynlərlə də vaxtaşırı maarifləndirici təlimlər və vebinarlar təşkil etməsini, valideynlər üçün məktəb-müəllim münasibətlərinin tənzimlənməsi istiqamətində müvafiq davranış qaydalarının müəyyən edilməsini və digər təklifləri irəli sürüblər.
Səsləndirilən təkliflər qeydə alınıb və həlli istiqamətində müvafiq addımların atılacağı bildirilib.
Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd məktəb-icma əməkdaşlığını gücləndirməklə uşağın hərtərəfli inkişafını təmin etmək, həmçinin təlim-tərbiyə prosesində valideynin iştirakının davamlı, sistemli və məqsədyönlü şəkildə təşviq olunmasından ibarətdir.
Onu da qeyd edək ki, 2025-ci ildən etibarən təşkil olunan Valideyn konfransları paytaxtın inzibati rayonları üzrə bütün ümumi təhsil məktəblərini əhatə edib.



