Vətən borcunu əvvəlcə silahla, sonra qələmlə yerinə yetirən müəllim – Kamran Şirəliyev
Azərbaycan dili və ədəbiyyat fənnini sadəcə qrammatika və ədəbiyyatla məhdudlaşdırmayan, fənnini vətən sevgisini oyatmaq üçün bir vasitəyə çevirən, şagirdlərində milli düşüncə formalaşdıran, qazandığımız zəfəri bədii dillə düşündürə bilən müəllim, döyüş meydanından keçib gələn qəhrəman, qələmi ilə söz öyrədən, silahı ilə doğma yurdu qoruyan Vətən övladı - Şirəliyev Kamran Mirağa oğlundan bəhs edəcəyik bu dəfə.
Şirəliyev Kamran Mirağa oğlu Ucar rayon Bağban, həmçinin həmin rayonun Bərgüşad kənd 2 nömrəli tam orta ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyat müəllimidir. O bu gün təkcə dərs keçən pedaqoq deyil, həm də Vətən uğrunda döyüşmüş bir qəhrəman, gənc nəsli formalaşdıran bir ziyalı, vətənpərvərlik ruhunun canlı təmsilçisidir. Onun timsalında müəllimlik və qəhrəmanlıq birləşir və bu bütün təhsil ictimaiyyəti üçün qürurverici nümunədir. O, sinifdə şagirdlərinə sadəcə dərs keçmir, danışanda şagirdləri tarix dinləyir, ruh hiss edir, vətən nəfəsi duyur. Onun səsi qələmdən gələn söz kimi deyil, qəlbdən gələn çağırış kimidir.
Şirəliyev Kamran Mirağa oğlu 1992-ci ildə Ucar rayonu Bərgüşad kəndində anadan olub. 1999-cu ildə Bərgüşad kənd Ağamusa Mustafayev adına 1nömrəli tam orta ümumtəhsil məktəbinin 1-ci sinfinə qəbul olub, 2010-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib. Oxuduğu məktəb onu vətənə bağlı bir şəxsiyyət kimi yetişdirdiyi üçün o, elm yoluna çıxmazdan əvvəl müqəddəs vəzifə olan hərbi xidmətini şərəflə yerinə yetirməyi seçir. Öncəliklə silaha sarılıb torpağını qoruyur. 2012-ci ildə hərbi xidməti başa vurduqdan sonra, 2013-2017-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil alıb, peşəkar fəaliyyətinə elə öz rayonunda başlamağa qərar verib.
Kamran müəllim işində yüksək məsuliyyət, fədakarlıq və yaradıcı yanaşma ilə seçilir. Onun şagirdləri buraxılış imtahanlarında yüksək nəticələri ilə seçilirlər, müxtəlif yarış və müsabiqələrdən qələbə ilə qayıdırlar. Ona görə ki, Kamran müəllim dərslərində yalnız dil qaydalarını öyrətməklə kifayətlənmir, eyni zamanda onlara milli ruh, vətən sevgisi və insani dəyərlər aşılayır. Şagirdlər onu yalnız müəllim kimi yox, həm də qəhrəman kimi görür. Bu da tədris etdiyi fənnin keyfiyyətini artırır. O, özü kimi qalib şagirdlər yetişdirir.
2020-ci il sentyabr ayının 27-də könüllü olaraq II Qarabağ müharibəsində iştirak edən Kamran müəllim ön cəbhədə Vətənin müdafiəsi uğrunda döyüşüb.
Prezident İlham Əliyev tərəfindən Kamran Şirəliyev göstərdiyi xidmətə görə “Ağdamın azad olunmasına görə“ medalı ilə təltif edilib. Bu onu müəllim kimi ucaldaraq şagirdləri üçün nümunəvi bir şəxsiyyətə çevirib.
Kamran müəllim müharibə ilə bağlı təəssüratlarını dilə gətirdikdə heç vaxt unuda bilmədiyi səhnəni belə xatırlayır: “Axşam saat 5-in yarısı olardı, hava çox tutqun idi. Birdən atışma başladı. Elə o anda döyüş yoldaşımızın tam yaxınlığında minaatan mərmisi düşdü və o bizim gözümüzün önündə şəhid oldu. Bu an mənim üçün çox ağır idi və bu səhnə yaddaşıma ömürlük həkk olunub. Sözlə ifadəsi çox çətindir. Bu barədə nə qədər danışmaq istəsəm də danışa bilmirəm, boğazım düyünlənir”.
Kamran müəllimin həyatı yolu göstərir ki, əsl müəllim təkcə təhsil verən deyil, həm də nümunəvi vətəndaş və şəxsiyyətdir. O, vətənə olan borcunu əvvəlcə silahla, sonra isə qələmlə yerinə yetirib. Müəllimlik peşəsini şərəflə daşıyan Kamran müəllim bu gün yüzlərlə gəncə həm bilik, həm də vətənpərvərlik ruhu aşılayır. Onun timsalında biz müəllimin həm qəhrəman, həm də maarifçi ola biləcəyini görürük. Belə müəllimlər xalqın gücü, təhsilin qürurudur!
Sevinc SƏMƏDOVA
Ucar rayonu Bərgüşad kənd Ağamusa Mustafayev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru


