VIII sinif coğrafiya dərsliyində məzmun xətləri yenilənib

26 Noyabr, 2026 - 13:32
VIII sinif coğrafiya dərsliyində məzmun xətləri yenilənib

2026/2027-ci tədris ilində VIII siniflərdə ilk dəfə tətbiq olunan yeni nəsil “Coğrafiya” dərsliyində məzmun dörd əsas istiqamət üzrə qurulub.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “2026/2027-ci tədris ilində 8-ci siniflərdə ilk dəfə tətbiq olunan yeni nəsil "Coğrafiya" dərsliyinin məzmunu və tədrisi metodikasında müasir yanaşmalar” mövzusunda keçirilən vebinarda dərslik müəllifi, coğrafiya müəllimi Famil Ələkbərov bildirib.

Onun sözlərinə görə, əvvəlki kurikulumda mövcud olan “Coğrafi məkan”, “Təbiət” və “Cəmiyyət” məzmun xətləri müasir yanaşmalar nəzərə alınaraq yenilənib:

“Yeni dərslikdə məzmunu dörd əsas istiqamət üzrə təqdim etmişik. Bunlar "Mövqe və məkan", "Təbii sistemlər","Bəşəri sistemlər", "Ətraf mühit və dayanıqlılıq" məzmun xətləridir. Əslində, burada ənənəvi coğrafiya dərsliklərindən tamamilə fərqli məzmun yaradılmayıb. Məqsəd mövcud bilikləri müasir yeniliklərlə zənginləşdirmək və tədrisi müasir yanaşmalara uyğunlaşdırmaqdır”.

F.Ələkbərov bildirib ki, VIII sinif “Coğrafiya” dərsliyi altı bölmədən ibarətdir. Bunlar “Coğrafi düşüncə”, “Su planeti”, “Yer kürəsinin canlı örtüyü”, “Əhali”, “Regionlar” və “Təbii yaşayış mühiti” bölmələridir.

O qeyd edib ki, dərslikdə mövzular siniflər üzrə spiralvari və bütövlük prinsipi əsasında hazırlanıb. Bu səbəbdən hər hansı mövzunu yalnız VIII sinif dərsliyi əsasında qiymətləndirmək düzgün deyil. Eyni mövzu aşağı və yuxarı siniflərdə müxtəlif istiqamətlər üzrə davam etdirilir.