Xalq Təhsili Muzeyində “Zəfər ruhlu 5 il” mövzusunda tədbir keçirilib

5 Noyabr, 2025 - 14:29
Xalq Təhsili Muzeyində “Zəfər ruhlu 5 il” mövzusunda tədbir keçirilib
Xalq Təhsili Muzeyində “Zəfər ruhlu 5 il” mövzusunda tədbir keçirilib

Noyabrın 3- də Xalq Təhsili Muzeyində Zəfər Gününə həsr olunmuş “Zəfər ruhlu 5 il” mövzusunda tədbir keçirilib. Tədbirdə Heydər Əliyev adına Ali Hərbi İnstitutun, C.Naxçıvanski adına Hərbi Liseyin kursant və hərbi qulluqçuları,Bakı şəhəri 34 nömrəli tam orta məktəbin direktoru N.Axundova, Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin çağırışaqədərki hazırlıq müəllimi, I Qarabağ müharibəsi veteranı A.Mürsəlov, şəhid anaları və qazilər, paytaxt məktəbliləri  və müəllimlər iştirak ediblər. 

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra tədbiri giriş sözü ilə açan muzeyin direktoru Z.Şiriyeva 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyəti, müzəffər ordumuzun rəşadəti və xalqımızın iradəsi sayəsində , şəhidlərimizin qanı bahasına əldə etdiyimiz böyük qələbədən danışıb. 

Muzeyin Ekspozisiya şöbəsinin böyük elmi işçisi J.Sadıqova “Zəfər ruhlu 5 il” mövzusunda məruzə ilə çıxış edərək torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan ordusunun keçdiyi zəfər yolundan geniş bəhs edib. 

Daha sonra Heydər Əliyev adına Ali Hərbi İnstitutun kapitanı M.Vəliyevin, C.Naxçıvanski adına Hərbi Liseyin kursantı N.Zərbəliyevin və şəhid analarının çıxışları dinlənilib. 

Odlar Yurdu Universitetinin tələbələrinin, Q.Qarayev adına musiqi məktəbinin  “Həyat” rəqs qrupu üzvlərinin, Bakı şəhəri 72 və 177 nömrəli tam orta məktəblərinin şagirdlərinin ifasında təqdim olunan ədəbi-bədii kompozisiya tədbirə xüsusi rəng qatıb. 

Sonda qonaqlar Xalq Təhsili Muzeyinin ekspozisiyası ilə tanış olublar.