Xaricdə imtahansız doktorantura: rahat qəbulun arxasında nə var?
Hər oxuyan Molla Pənah olmadığı kimi, hər dissertasiya yazan da alim olmur. Amma görünür, indi bu yol bir az da “asanlaşdırılıb”, ən azı bəzi özəl təhsil şirkətlərinin vədlərinə inansaq...
Xarici universitetlərin doktorantura səviyyəsinə imtahansız qəbula 100% zəmanət, üstəlik, sonda alınacaq diplomun da eyni qətiyyətlə tanınacağına dair qarant verilir. Sanki doktorantura mürəkkəb akademik proses yox, əvvəlcədən nəticəsi bəlli olan prosedurdur. Ən çox təklif olunan istiqamət isə Türkiyədir, amma kiçik bir şərtlə: dövlət universitetləri yox, əsasən, vəqf, yəni özəl ali təhsil müəssisələrinə qəbul təklif olunur.
Qiymətlər də kifayət qədər “şəffafdır”: universitetdən asılı olaraq 4000–6000 ABŞ dolları arası dəyişir. Üstünə şirkətin xidmət haqqı gəlir, sadəcə sənəd işləri üçün 500–1000 AZN tələb edilir, əgər türk dili sertifikatı da lazımdırsa, o zaman əlavə ödənişlə məsələ “həll olunur”. Maraqlıdır ki, bu məqamda nə kursdan, nə müəllimdən söhbət gedir. Nəticə isə hazırdır: C1 səviyyəsində dil sertifikat verilir. Necə? Bu, artıq onların işidir, siz sadəcə ödənişi edin, kifayətdir.
Tədris müddəti isə 4 ildir, bir il dərslər, üç il tədqiqat müddətidir. Amma prosesin praktik tərəfi bir qədər fərqli təsvir olunur: proqramın distant olduğu deyilsə də, ilkin qeydiyyat üçün tələbə mütləq ölkəyə getməli, elmi rəhbərlə tanış olmalı, mövzu seçməlidir. Sonrakı mərhələdə isə hər il təxminən 20–25 gün fiziki iştirak kifayət edir. Qalan hissə? Onlayn imtahanlar, “asan keçilən” sessiyalar və dissertasiya yazmaq. Şirkət nümayəndələrinin sözlərinə görə, əvvəlcədən təqdim olunan materialları sadəcə “əzbərləmək” kifayətdir ki, sessiya imtahanlarından asanlıqla “keçiriləsiniz”, daha doğrusu, keçəsiniz.
Beləliklə, bir neçə ilin sonunda dissertasiya yazılır, müdafiə edilir və nəticədə ortaya bir sual çıxır: bu prosesin sonunda qazanılan nədir: təkcə diplom, yoxsa həqiqi elmi dərəcə?
Bu sualın cavabını tapmaq üçün əvvəlcə rəsmi mövqeyə baxmaq lazımdır: doğrudanmı belə diplomlar problemsiz tanınır, yoxsa burada görünməyən şərtlər var? Ardınca isə məsələnin digər tərəfi gəlir, əgər bütün bunlar mümkündürsə, onda alim olmaq nə qədər çətin, nə qədər “asan” prosesdir?
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, bu formada doktorantura təhsili almaq qeyri-mümkündür: “Təəssüf ki, bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də işbazlar peyda olublar və onlar bu prosesdə pul qazanmaq üçün müxtəlif addımlar atırlar. Bu özünü bakalavr təhsilində də, magistratura təhsilində də göstərir, son vaxtlar, təəssüf ki, doktorantura sahəsində də göstərir və onlar insanların etibarından istifadə edərək bu cür addımlar atırlar. Əgər söhbət normal təhsildən, normal qaydada bilik əldə etməkdən gedirsə, bunun bu qaydada olması qeyri-mümkündür”.
Bu gün müharibə gedən Ukraynada 5 000 azərbaycanlı təhsil alır
Millət vəkili qeyd edir ki, vətəndaşlarımız özlərini aldanmaqdan qorumalıdırlar: “Bu gün bəzi məlumatlara görə, Ukraynada müharibə getsə də, orada hazırda 5 000 azərbaycanlı təhsil alır və təbii ki, bu, distant təhsildir. Problemin də mahiyyəti ondadır ki, bu insanlar universiteti bitirib ölkəmizə qayıtdıqdan sonra diplomların tanınması ilə bağlı problem yaşayacaqlar. Ona görə biz buradan müraciət edib insanlara bir daha deyirik ki, attestatla qəbul, onlayn təhsil və digər bu kimi məsələlərdə çox diqqətli olsunlar. Çünki yenə eyni məsələyə qayıdırıq: onlar ölkəmizə qayıtdıqdan sonra bəzən dövlətimizdən narazı qalırlar ki, onların diplomu tanınmayıb və ya tanınmasında çətinlik yaranır. Ona görə bu kimi məsələlərdə insanlarımızın çox diqqətli, məsuliyyətli davranmasına ehtiyac var.
Doktorantura təhsili araşdırmadır, akademik təhsildir. Bu formada alınan diplomların tanınması qeyri-mümkündür”, – deyə deputat qeyd edib.
“Elmi dərəcə yalnız nəzarətli, sistemli və ciddi akademik mühitdə formalaşan tədqiqatın nəticəsi olmalıdır”
ADPU-nun SABAH mərkəzinin akademik məsləhətçisi, təhsil mütəxəssisi Əlmusa Atamalıyev isə açıqlamasında bildirib ki, bu tip diplomların akademik dəyəri ciddi şəkildə sual altındadır: “Doktorantura təhsili uzunmüddətli elmi-tədqiqat, metodoloji hazırlıq və akademik mühitdə formalaşma prosesidir. İmtahansız və qısa müddətdə verilən diplomlar anlayışına toxunmaq istəyirəm, burada doktoranturaya imtahansız qəbuldan söz gedir, diplomdan deyil. Sonda həmin tələbələrin neçə faizi diplom ala bilir, həmin diplomlar tanınırmı, bu artıq ayrı məsələdir. Ümumən götürsək, bu diplomlar tələbləri ödəmədiyi üçün elmi ictimaiyyətdə yüksək qiymətləndirilmirlər. Formal olaraq bəzi hallarda bu cür diplomlar sənəd kimi mövcud ola bilər. Lakin elmi mahiyyət baxımından belə bir təhsil prosesi real elmi dərəcə kimi qəbul edilmir. Fikrimcə, elmi dərəcə yalnız nəzarətli, sistemli və ciddi akademik mühitdə formalaşan tədqiqatın nəticəsi olmalıdır.
Bundan əlavə, elmi rəhbərlik doktorantura təhsilinin əsas sütunlarından biridir. Texniki baxımdan distant ünsiyyət mümkündür, lakin real akademik əlaqə və davamlı rəhbərlik olmadan keyfiyyətli tədqiqat aparmaq çox çətindir. Rəhbərlik formal xarakter daşıyırsa və ya, ümumiyyətlə, yoxdursa, həmin dissertasiya akademik baxımdan legitim sayılmır. Bu halda tədqiqatın keyfiyyəti, yeniliyi və elmi dəyəri ciddi şəkildə şübhə doğurur. Doktorantura müzakirə, tənqid və istiqamətləndirmə prosesidir. Burada elmi rəhbərin rolu əvəzsizdir. Düşünürəm ki, bir gənc alimin yetişməsi böyük alimlərin rəhbərliyində mümkündür”.
“Diplomun tanınması həmin adamın həqiqi alim olduğunun göstəricisi deyil”
Müsahibimiz qeyd edir ki, bu yanaşma akademik sistem üçün ciddi təhlükədir, çünki həm elmi dərəcənin nüfuzu aşağı düşür, həm də real tədqiqatçılarla formal “alimlər” arasında fərq itir: “Digər tərəfdən, plagiat və keyfiyyətsiz işlərin sayı artır. Pul çox şeyi həll edə bilər, ancaq məsələ təhsildirsə, bilik bacarıq önəmlidir. Nəticədə, ümumi elmi mühit zəifləyir və beynəlxalq səviyyədə etibar azalır.
Bu formada alınan diplomların tanınması yalnız hüquqi status verir. Real elmi kompetensiya isə tədqiqat bacarığı, elmi nəşrlər, analitik düşüncə bacarığı və akademik fəaliyyətlə ölçülür. Yəni diplomun tanınması ilə peşəkar bacarıqlar eyni anlayışlar deyil və diplomun tanınması həmin adamın həqiqi alim olduğunun göstəricisi deyil.
Ümumiyyətlə, əksər Avropa ölkələrində doktorantura təhsili 3-4 il davam edir. Qəbul üçün namizədin magistr təhsili, tədqiqat planı, akademik göstəriciləri və çox vaxt müsahibədən uğurla keçməsi tələb olunur. Bəzi hallarda beynəlxalq dil sertifikatları da vacib şərtdir. Azərbaycanda tətbiq olunan 3 mərhələli sistem keyfiyyəti təmin etmək məqsədi daşıyır, xarici dil, fəlsəfə, ixtisas fənni mərhələləri ardıcıl keçirilir (birindən keçmədən digərinə buraxılmırsan). Bu sistem vasitəsilə namizədin bilik səviyyəsi, tədqiqat potensialı və akademik hazırlığı yoxlanılır. Məqsəd elmi dərəcənin dəyərini qorumaq və təsadüfi şəxslərin sistemə daxil olmasının qarşısını almaqdır”, – deyə mütəxəssis qeyd edib.



