Xaricdəki “Azərbaycan məktəbləri” – Dilimizi gələcəyə ötürən körpü
Ölkə başçısı İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan dilinin qorunması məsələsini xüsusi olaraq gündəmə gətirməsi cəmiyyətin bütün təbəqələri üçün ciddi mesaj xarakteri daşıyır. Dövlət başçısı ana dilinin təkcə ünsiyyət vasitəsi deyil, milli kimliyin, mənəvi varlığın və dövlətçiliyin əsas sütunlarından biri olduğunu vurğulayaraq bildirdi ki, dil itirilərsə, zamanla milli kimlik də, dövlətçilik düşüncəsi də sarsıla bilər. Bu fikirlər müasir qloballaşma şəraitində Azərbaycan dilinin qorunmasının nə qədər həssas və vacib məsələ olduğunu bir daha ön plana çıxardı.
Prezidentin müsahibəsində xüsusi diqqətçəkən məqamlardan biri də xarici kəlmələrin dilimizə nəzarətsiz şəkildə daxil olması və bunun milli şüura tədricən mənfi təsir göstərməsi ilə bağlı idi. Dövlət başçısı açıq şəkildə qeyd etdi ki, Azərbaycan dilinin saflığının qorunması hər bir vətəndaşın borcudur və bu məsuliyyət yalnız ölkə daxilində deyil, dünya üzrə yaşayan milyonlarla azərbaycanlını da əhatə edir. Çünki bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır və onların böyük bir hissəsi ana vətəndən kənarda formalaşan sosial-mədəni mühitin təsiri altındadır.
Məhz bu reallıq xarici ölkələrdə Azərbaycan dilinin tədrisi və təbliği məsələsini strateji əhəmiyyətə malik mövzu olaraq gündəmə gətirir. Xüsusilə xaricdə yaşayan azərbaycanlı ailələrin övladlarının ana dilini unutmaq təhlükəsi, üçüncü və dördüncü nəsillər arasında dil biliklərinin zəifləməsi dövlət başçısının da narahatlıqla diqqətə çatdırdığı məsələlərdəndir. Bu baxımdan xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan dili məktəbləri, həftəsonu kursları, mədəniyyət mərkəzləri və son illərdə yaradılan onlayn təhsil platformaları milli-mənəvi irsin qorunmasında mühüm rol oynayır.
Bəs görəsən, hazırda xarici ölkələrdə Azərbaycan dilinin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində nə kimi işlər görülür? Hansı ölkələrdə Azərbaycan dili məktəbləri fəaliyyət göstərir və bu təhsil ocaqları qarşıya qoyulan məqsədləri nə dərəcədə reallaşdıra bilir?
“Azərbaycan məktəbləri”ndə dilimizin, tariximizin tədrisi ,mədəniyyətimizin təbliği mütləq şəkildə həyata keçirilir
Bununla bağlı “Azərbaycan müəllimi”nə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı qeyd edib ki, 2019-cu ildən başlayaraq müxtəlif xarici ölkələrdə həftəsonu “Azərbaycan məktəbləri” fəaliyyətə başlayıb. Həftəsonu məktəbləri Avropanın bir sıra ölkələrində, ABŞ-də, Kanadada, Böyük Britaniyada, Misirdə, Moldovada və s. fəaliyyət göstərir.
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Zəfər Qurultayında çıxışı zamanı səsləndirdiyi tövsiyələr rəhbər tutaraq həftəsonu məktəblərinin sayı artırılıb və əhatə dairəsi daha da genişləndirilib.
Xaricdəki hər bir həftəsonu “Azərbaycan məktəbi”ndə Azərbaycan dili, Azərbaycan tarixinin tədrisi və Azərbaycan mədəniyyətinin təbliği mütləq şəkildə həyata keçirilir. Məktəblərdə həmçinin xarici dillər, musiqi, rəsm, gimnastika və digər idman növləri üzrə dərslər tədris olunur. Eyni zamanda bu təhsil ocaqlarında məktəbəqədər, dünyagörüşü, ali məktəblərə hazırlıq kursları, dram dərnəkləri var. Həftəsonu məktəblərində mütəmadi olaraq müxtəlif istiqamətlər üzrə yarış və müsabiqələr təşkil edilir.
Şöbə müdiri bildirir ki, bəzi ölkələrdə həftəsonu məktəblərindəki tədrislə bağlı hədəflər dəyişir: “Məsələn, Gürcüstanda yaşayan azərbaycanlıların ali məktəblərə qəbulu üçün gürcü dili, ingilis dili, riyaziyyat və məntiq xüsusi əhəmiyyət daşıdığına görə ali məktəblərə hazırlıq kurslarında və ümumilikdə bütün kurslarda qeyd olunan fənlər xüsusi tədris olunur. Hazırda Gürcüstanda yaşayan 1651 azərbaycanlı uşaq və gənc həftəsonu məktəblərinin və kursların xidmətindən təmənnasız istifadə edir.
2026-cı ildə yeni onlayn və əyani həftəsonu məktəblərinin açılması planlaşdırılır.
Hazırda 24 ölkədə 90-dan çox həftəsonu məktəbi var
Xarici ölkələrdəki həftəsonu “Azərbaycan məktəbləri”nin dərsliklərlə təminatı məsələsinə toxunan Vəsilə Vahidqızı məhz bu məktəblər üçün “Azərbaycan dili” kitabının hazırlanaraq çap olunduğunu və məktəblərə pulsuz paylanıldığını söyləyir. Həmçinin Azərbaycan dilini öyrənmək istəyən xaricilər üçün “A grammar of contemporary Azerbaijani” (“Müasir Azərbaycan dilinin qrammatikası”) adlı dərs vəsaiti hazırlanaraq çap olunub: “Hazırda 24 ölkədə 90-dan çox həftəsonu məktəbi var və xarici ölkələrdəki həftəsonu Azərbaycan məktəblərinin 31-i xaricdəki “Azərbaycan Evləri”ndə, digərləri isə diaspor təşkilatlarının, mədəniyyət mərkəzlərinin nəzdində və müstəqil şəkildə fəaliyyət göstərir. Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdəki hər bir həftəsonu “Azərbaycan məktəbi”ni dərs və tədris üçün lazım olan bütün vəsaitlərlə təmin edir. Xaricdə yaşayan hər bir soydaşımız və ölkəmizi sevən xaricilər “Azərbaycan Evləri”nin və həftəsonu məktəblərinin xidmətlərindən təmənnasız istifadə edir”.
Onlayn təhsil platforması yaradılıb
Şöbə müdirinin sözlərinə görə, azərbaycanlıların məskunlaşdıqları ölkələrin bəzi regionlarında onların kompakt yaşamamaları Azərbaycan dili və digər fənlərin tədrisinin əyani aparılmasına imkan vermir. Bunu nəzərə alaraq Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə xaricdə yaşayan azərbaycanlılar üçün məsafədən təhsil məqsədilə www.millidilli.eu milli dilli onlayn təhsil platforması yaradılıb. Platforma dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı uşaqları və müəllimləri vahid onlayn tədris proqramı ətrafında birləşdirir. Ümumilikdə platforma təlimində bu günə qədər 55 müəllim iştirak edib.
Vəsilə Vahidqızı sonda yeni onlayn və əyani həftəsonu məktəblərinin açılmasının planlaşdırıldığını bildirib.


