Xarici kvalifikasiyaların tanınması ilə bağlı müraciətlərin 16,1 faizi rədd edilib
“Hesabat dövründə Agentliyə xarici kvalifikasiyaların tanınması ilə bağlı 6033 müraciət daxil olub. Müraciətlərin 16,1 faizi rədd edilib”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekunlarına dair keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bu müraciətlərdən 5167-si üzrə ekspertiza aparılıb, 866 müraciətin ekspertizası isə hazırda davam edir. Ekspertiza nəticəsində 4333 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. 834 müraciət üzrə isə mənfi rəy verilib. Mənfi rəylərin ümumi müraciət sayına nisbəti 16,1 faiz təşkil edib.
TKTA sədri bildirib ki, mənfi rəy verilməsinə əsas səbəblər aşağıdakılardır:
Tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkədə tələb olunan normativdən az müddətdə fiziki iştirak – 495 imtina;
İxtisas və qeyri-ixtisas fənlərinin nisbəti üzrə kreditlərdə əhəmiyyətli fərq – 122 imtina;
Həm normativ tədris yükünün ödənilməməsi, həm də əhəmiyyətli fərq – 42 imtina;
Autentik olmayan diplom – 30 imtina;
“Açıköğretim” təhsilalma forması – 29 imtina;
Akkreditasiyasız ali təhsil müəssisəsi – 27 imtina;
Ekvivalenti olmayan ixtisas – 9 imtina;
Bakalavr kvalifikasiyası tanınmadığı üçün magistr diplomu üzrə imtina – 8 hal.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən, xarici kvalifikasiyaların tanınması üçün ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması əsas şərtlər sırasındadır. Eyni zamanda, yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma formaları üzrə əldə edilmiş kvalifikasiyalar tanınır.
Qaydaların tələblərinə görə, əyani təhsilalma forması üzrə (4 illik proqram) hər tədris ilində ən azı 4 ay, ümumilikdə isə 21 ay təhsil alınan ölkədə fiziki iştirak təmin edilməlidir. Tibb və səhiyyə ixtisasları üzrə isə normativ təhsil müddətinin bütün dövründə – ildə 8 ay həmin ölkədə fiziki iştirak şərtdir. Qiyabi təhsilalma zamanı isə hər tədris ilində ən azı 25 gün təhsil alınan ölkədə olmaq tələb olunur.
Brifinqdə xüsusi vurğulanıb ki, xarici ölkələrdə yerləşən universitetlərə getmədən, əyani və ya qiyabi təhsilalma formaları üzrə onlayn qaydada əldə olunmuş xarici kvalifikasiyalar TKTA tərəfindən tanınmır.



