XXI əsr təhsilinin çağırışları – Keyfiyyətli müəllim hazırlığı
Azərbaycan son onillikdə təhsil sistemində genişmiqyaslı islahatlar həyata keçirən ölkələrdən biridir. Qloballaşmanın, rəqəmsal transformasiyanın və əmək bazarının dəyişən tələbləri fonunda müəllim hazırlığı dövlət siyasətinin strateji prioritetlərindən birinə çevrilmişdir. Bu sahədə görülən işləri dörd əsas istiqamət üzrə təqdim etmək olar:
1. strateji sənədlər və normativ baza;
2. 2021-2026-cı illərdə həyata keçirilən təhsil islahatları;
3. müəllimlərin işə qəbulu və sertifikatlaşdırılması sistemi;
4. yeni nəsil təhsil proqramlarının hazırlanması üçün aparılan islahatlar.
Azərbaycan Respublikasında müəllim hazırlığına dair yanaşma son illərdə təkcə təhsil sahəsində deyil, ölkənin uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi kimi formalaşmışdır. Bir sıra fundamental sənədlər müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi üçün konseptual çərçivəni müəyyən etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəllim hazırlığında yeni model təklif edilir və beş mühüm prioritet müəyyənləşdirilir:
1. Müəllimlərin seçimi və hazırlanmasının keyfiyyətinin artırılması;
2. Pedaqoji kadrların fasiləsiz inkişaf sisteminin yaradılması;
3. Universitet-məktəb əməkdaşlığının gücləndirilməsi;
4. Qiymətləndirmə və sertifikatlaşdırma mexanizmlərinin təkmilləşdirilməsi;
5. Tədrisdə texnologiya və innovasiyanın tətbiqi.
Bu sənəd pedaqoji təhsilin keyfiyyətinin yalnız ali məktəblərdə deyil, bütövlükdə ekosistem səviyyəsində - məktəblər, nazirlik, universitetlər və cəmiyyət arasında qarşılıqlı əlaqədə formalaşdığını vurğulayır.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi müəllim hazırlığını ölkənin insan kapitalının inkişafının əsas dayaqlarından biri kimi xarakterizə edir. Burada iki mühüm istiqamət önə çıxır:
1. Tədris prosesinin müasir texnologiyalarla zənginləşdirilməsi,
2. Rəqabətqabiliyyətli, çevik və yaradıcılığa söykənən müəllim hazırlığı sisteminin formalaşdırılması.
Təhsil haqqında Qanunda müəllim hazırlığının məzmunu “kompetensiyaəsaslı pedaqoji hazırlıq” prinsipi üzrə yenidən çərçivələndi. Bu dəyişikliklər:
* müəllimlərin peşəkar inkişafının mərhələləşdirilməsi,
* praktik komponentlərin gücləndirilməsi,
* tədris prosesinin nəticəyönümlülük əsasında qurulması kimi tələblər irəli sürdü.
2021-ci ildən etibarən Azərbaycanda müəllim hazırlığında yeni mərhələ başlamışdır. Bu islahatlar beynəlxalq bençmarkinq, rəqəmsal transformasiya və insan kapitalının gücləndirilməsi prinsiplərinə əsaslanır.
Son 3 ildə aparılan dəyişikliklər nəticəsində pedaqoji ixtisaslara qəbul balı yüksəldilib, təcrübə əsaslı öyrənmənin payı artırılıb.
Azərbaycanda müəllim hazırlığında rəqəmsal infrastruktur əhəmiyyətli dərəcədə gücləndirilmiş, xüsusilə “Rəqəmsal bacarıqlar” layihəsinin geniş tətbiqi, virtual laboratoriyaların yaradılması, hibrid və onlayn dərs modelinin pedaqoji hazırlığa inteqrasiyası, eləcə də elektron qiymətləndirmə platformalarının istifadəsi bu sahədə keyfiyyətin yüksəldilməsinə ciddi təkan vermişdir.
Sertifikatlaşdırma Azərbaycan təhsilində keyfiyyət təminatının əsas mexanizmlərindən biridir və Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən həyata keçirilir. Sertifikatlaşdırmanın məqsədi müəllimlərin pedaqoji və metodik bacarıqlarını obyektiv qiymətləndirməklə yanaşı, onların fasiləsiz peşəkar inkişafını stimullaşdırmaq və məktəblərdə keyfiyyətə əsaslanan insan resurslarının idarə edilməsini formalaşdırmaqdır. Bu model beynəlxalq təcrübəyə uyğunlaşdırılmışdır və nəticə etibarilə şəffaflığın artmasına, peşəkar inkişaf mədəniyyətinin güclənməsinə və müəllim fəaliyyətində vahid standartların formalaşmasına xidmət edir.
Azərbaycanın ümumi təhsil sistemi 2006-cı ildən başlayaraq kurikulum yanaşmasına keçid etmiş, son illərdə isə bu yanaşmanın müasir dünya tələblərinə uyğunlaşdırılması üçün yeni addımlar atılmışdır. Bu addımlar ali təhsil müəssisələrinin qarşısında daha yüksək məsuliyyət qoyur, o cümlədən ölkəmizdə pedaqoji kadr hazırlığında aparıcı universitet olan ADPU-nun üzərinə xüsusi missiya düşür.
ADPU artıq 105 illik tarixi olan bir ali təhsil ocağıdır. 1921-ci ildə bir neçə fakültə və bir neçə müəllimlə fəaliyyətə başlayan bu universitet, qısa zamanda ölkənin pedaqoji təhsilində aparıcı mərkəzə çevrilmişdir. XX əsrin bütün ideoloji və siyasi dəyişiklikləri fonunda ADPU pedaqoji kadr hazırlığının dayaq nöqtəsi olaraq qalmış və bu gün də həmin missiyanı şərəflə davam etdirir.
Xüsusilə qeyd etmək olar ki, ölkə üzrə fəaliyyət göstərən müəllimlərin böyük əksəriyyəti ADPU məzunlarıdır. Ötən yüzillikdə universiteti bitirmiş 100 minədək pedaqoq Azərbaycan təhsil sisteminin əsas insan kapitalını təşkil etmiş və bu gün də minlərlə ADPU məzunu ölkə təhsilinin inkişafına öz töhfələrini verməkdə davam edirlər. Uşaqların ilk dərs kitabını əlində tutan müəllimlər, ölkənin qabaqcıl məktəb direktorları, akademikləri və elm adamları ADPU-nun elmi-pedaqoji mühitində formalaşıb.
ADPU-nun milli təhsil üçün əhəmiyyəti ondan ibarətdir ki, bu universitet təkcə müəllim hazırlamır, həm də cəmiyyətin gələcəyini formalaşdıran insanları yetişdirir. Bu mənada ADPU-nun hər bir məzunu ölkənin intellektual təhlükəsizliyinin və davamlı inkişafının aparıcı elementidir.
Bu gün ADPU təkcə tarixi ənənələrlə deyil, həm də müasir idarəetmə modeli, innovativ yanaşmaları və yeni nəsil pedaqoji texnologiyalara adaptasiyası ilə ölkənin aparıcı müəllim hazırlığı universiteti statusunu qoruyub saxlayır. Bununla yanaşı, ADPU artıq sadəcə “müəllim hazırlayan universitet” deyil, müasir təhsil sahəsində innovasiyanın, tədqiqatın və keyfiyyət mədəniyyətinin aparıcı gücüdür.
Müəllim hazırlığının keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi və onların tədris prosesinə inteqrasiyası ali təhsilin strateji istiqamətlərindən birinə çevrilmişdir. Müasir müəllim hazırlığının keyfiyyətini müəyyən edən əsas komponentlər bir neçə strateji istiqaməti əhatə edir. Bunlara peşəkar-pedaqoji kompetensiyaların formalaşdırılması, innovativ və rəqəmsal tədris bacarıqlarının mənimsənilməsi, fənlərarası inteqrasiya və tədqiqatyönümlü təlim mühitinin yaradılması, daxili keyfiyyət təminatı və akademik fəaliyyətin obyektiv qiymətləndirilməsi, eləcə də məzunların məşğulluq göstəricilərinin sistemli monitorinqi daxildir. Hər bir komponent müəllim hazırlığı prosesinin həm məzmununu, həm də nəticələrini müəyyən edir və ali təhsil müəssisələrinin bu sahədə strateji inkişaf xəttini formalaşdırır.
Müəllim hazırlığının keyfiyyət göstəricilərindən birincisi peşəkar və pedaqoji kompetensiyaların formalaşdırılmasıdır. Müasir müəllim öz fənnini dərindən bilməklə yanaşı, onu öyrətməyin yollarını, eləcə də tədris psixologiyasını mənimsəməlidir. ADPU-da bu istiqamətdə Təlim-Tədris Mərkəzi fəaliyyət göstərir. Mərkəz universitet müəllimlərinin pedaqoji, metodik və rəqəmsal bacarıqlarının inkişafı üçün mütəmadi təlimlər təşkil edir. Bu təlimlərdə iştirak edən müəllimlər yeni tədris texnologiyalarını, qiymətləndirmə metodlarını və 7E, 5E kimi müasir dərs modellərini tətbiq etməyi öyrənirlər. Nəticədə təlim prosesində müəllimlər daha innovativ və tələbəyönümlü yanaşmalar nümayiş etdirirlər.
İkinci vacib göstərici rəqəmsal və innovativ tədris bacarıqlarıdır. ADPU-da bu istiqamətdə fəaliyyət göstərən STEAM Mərkəzi tələbələrdə fənlərarası düşüncə tərzini inkişaf etdirməyi, fizika, riyaziyyat, mühəndislik, incəsənət və texnologiyanın birləşdiyi praktik layihələr vasitəsilə öyrənməni təşviq etməyi hədəfləyir. Bu mərkəz sayəsində gələcək müəllimlər yalnız nəzəri biliklərlə deyil, həm də layihəəsaslı tədris bacarıqları ilə silahlanırlar. Bu da keyfiyyət göstəricilərindən biri olan “yaradıcılıq və problem həlletmə bacarığı”nın inkişafına xidmət edir.
Üçüncü istiqamət müəllim fəaliyyətinin obyektiv qiymətləndirilməsidir. ADPU-da artıq bir neçə ildir ki, professor-müəllim heyətinin pedaqoji, tədqiqat və sosial istiqamətlər üzrə reytinq qiymətləndirilməsi həyata keçirilir və bu prosesdə hər üç istiqamət üzrə çoxsaylı indikatorlardan istifadə olunur. Bu sistemin tətbiqi professor-müəllim heyəti arasında sağlam rəqabət mühitinin formalaşmasına və onların peşəkar inkişaflarına daha çox diqqət ayırmalarına stimullaşdırıcı təsir göstərir. Reytinq nəticələri universitetin kadr siyasətinə təsir edir, eyni zamanda akademik heyətin özünüinkişafı üzrə motivasiyasını artırır. Bundan əlavə, elmi fəaliyyətin təşviqi məqsədilə beynəlxalq elmi bazalarda (“Scopus” və “Web of Science”) dərc olunan tədqiqat işlərinə görə müəllimlər üçün motivasiya mexanizmləri formalaşdırılıb. Bu təşəbbüs universitetdə elmi məhsuldarlığın və son nəticədə də universitetin beynəlxalq imicinin artmasına səbəb olmuşdur.
Dördüncü komponent beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsidir. ADPU-da bu istiqamətdə bir sıra xarici universitetlərlə əməkdaşlıq əlaqələri qurulub. Professor-müəllim heyəti və doktorantlar Türkiyə, Danimarka, Polşa, Almaniya, Litva və digər ölkələrin universitetlərində təcrübə proqramlarında iştirak edirlər. Bu beynəlxalq təcrübə həm metodoloji, həm də akademik səviyyədə yeni yanaşmaların ölkə təhsilinə inteqrasiyasına şərait yaradır.
Növbəti göstərici məzunların məşğulluq səviyyəsi və onların peşəkar fəaliyyətdə uğurudur. Universitetdə bununla əlaqədar struktur məzunları son üç il üzrə izləyir, müəyyən təhlillər aparır. Belə ki, son illərdə ADPU məzunlarının təhsil müəssisələrində işlə təmin olunma faizi əhəmiyyətli dərəcədə artmışdır. Bu fakt universitetin tədris proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırıldığını və müəllim hazırlığı sisteminin real nəticələr verdiyini göstərir.
Nəhayət, müəllim hazırlığının keyfiyyətini təmin edən əsas elementlərdən biri daxili keyfiyyət mədəniyyətinin formalaşdırılmasıdır. ADPU-da bu istiqamətdə həyata keçirilən tədbirlər, o cümlədən tədris prosesinin monitorinqi, tələbə sorğuları, akkreditasiya öncəsi özünüqiymətləndirmə hesabatlarının hazırlanması universitetdə planlaşdırma, icra, monitorinq və təkmilləşdirmə prinsipləri əsasında davamlı olaraq inkişaf edir.
Müasir müəllim hazırlığı yalnız ənənəvi və nəzəri biliklərlə məhdudlaşa bilməz. Bu səbəbdən də ADPU-da təhsil proqramları üzrə islahatlar iki istiqamətdə aparılmışdır:
Birinci istiqamət - kompetensiyaəsaslı yeni tədris planları. Bütün tədris planları kompetensiya modeli üzərində yenilənib. Bununla yanaşı, 2025-ci ildən birinci tədris ili magistrantları üçün “Pedaqogika” ixtisaslaşmaları üzrə proqram əsaslı şəkildə dəyişilmiş və əmək bazarının tələblərinə uyğun olaraq tərtib edilmişdir.
İkinci istiqamət - beynəlxalq standartlara uyğunlaşma. Proqramlar Avropa ali təhsil məkanında keyfiyyət təminatına dair standartlara uyğunlaşdırılıb. Türkiyədə ali təhsildə keyfiyyət təminatı üzrə milli qurum və Azərbaycanın Təhsildə Keyfiyyət Təminatı Agentliyinin akkreditasiya meyarlarına uyğun struktur dəyişiklikləri aparılıb. ADPU-nun bəzi proqramlarının daxili və xarici ekspertlər tərəfindən qiymətləndirilməsi həyata keçirilib. Müəllim hazırlığının keyfiyyətini müəyyən edən əsas faktor real məktəb təcrübəsidir. Son üç ildə bu istiqamətdə böyük bir dönüş yaradılmışdır. Belə ki, Bakı və bölgələrdə 100-dən çox məktəblə əməkdaşlıq müqavilələri imzalanıb.
XXI əsrdə müəllimin rəqəmsal bacarıqları onun peşəkarlığının ayrılmaz hissəsidir. ADPU-da bu istiqamətdə ən qabaqcıl addımlar atılır:
* Elektron tədris platforması genişləndirilib, bütün müəllimlər və tələbələr üçün Tədris İdarəetmə Sistemi və “Moodle” platforması aktiv istifadə olunur.
* Fizika, kimya, biologiya və STEAM üzrə laboratoriyalar istifadəyə verilmiş, habelə bu fənlər üzrə virtual laboratoriyaların geniş tətbiq olunması təmin olunmuşdur.
ADPU-da ən mühüm islahatlardan biri keyfiyyət təminatı sisteminin yenidən qurulmasıdır. Universitetdə artıq davamlı olaraq planlaşdırma, icra, monitorinq və təkmilləşdirmə prinsiplərinə əsaslanan daxili keyfiyyət sistemi işləyir.
Bu çərçivədə:
* məzunların 3 illik izlənməsi aparılır.
* bütün fakültələrdə müəllim fəaliyyətinin çoxkriterialı qiymətləndirilməsi tətbiq olunur.
* tədris prosesinə dair tələbə məmnuniyyəti sorğuları aparılır və nəticələr fakültələrə təqdim olunur.
* strukturların illik fəaliyyət planları real indikatorlarla ölçülür.
Nəticədə ADPU-da keyfiyyət mədəniyyəti artıq sistemli bir mexanizmə çevrilib.
Son illər beynəlmiləlləşmə ADPU-nun prioritet istiqamətinə çevrilib:
* Erasmus+, Mevlana, DAAD layihələri genişlənib.
* Yerli və beynəlxalq keyfiyyət qurumları ilə əməkdaşlıq daha da gücləndirilib.
* Xarici professorların universitetə cəlbi və birgə seminarların sayı artırılıb.
* Tələbələrin xarici ölkələrdə təcrübəyə və təhsilə çıxışı artırılıb.
Yekun olaraq qeyd etmək olar ki, XXI əsr təhsilinin qarşıya qoyduğu çağırışlar müəllim hazırlığını ölkənin inkişaf strategiyasının əsas dayaqlarından birinə çevirir. Məhz keyfiyyətli müəllim hazırlığı təhsil sistemində davamlı keyfiyyətin təmin olunmasında həlledici rol oynayır. ADPU isə bu strateji məsuliyyəti üzərinə götürərək milli pedaqoji ənənələri müasir innovativ yanaşmalarla uzlaşdırır və müəllim hazırlığında yeni keyfiyyət mərhələsinin formalaşmasına liderlik edir.

Cəfər CƏFƏROV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor



