Yaradıcı müəllimlər təltif olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Yaradıcı müəllim: uğurlu layihə, davamlı nəticə” təqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, mükafatlandırılma mərasimində MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, millət vəkilləri Fariz İsmayılzadə, Tamam Cəfərova, Elçin Mirzəbəyli, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Vəfa Yaqublu, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, ETN, MÜTDA və İdarənin müvafiq struktur bölmə rəhbərləri, müsabiqə qalibləri, məktəbdənkənar və ümumtəhsil müəssisələrinin direktorları və digər qonaqlar iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Nərminə Hüseynova “Yaradıcı müəllim: uğurlu layihə, davamlı nəticə” təqdimat müsabiqəsinin əsas məqsədinin qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılmasından ibarət olduğunu bildirib.
Təhsilimizin inkişafı üçün istedadlı, peşəkar müəllimlərə hər zaman ehtiyac olduğunu deyən N.Hüseynova sürətlə dəyişən dövrün müəllimdən yeni ideyalar, yanaşmalar və təşəbbüslər tələb etdiyini bildirib.
Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə müəllimlərin yaradıcı potensialını üzə çıxarmaq və müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək baxımından bu cür müsabiqələrin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib. Millət vəkili qeyd edib ki, belə təşəbbülər təhsildə keyfiyyətin artırılmasına və peşəkar kadr potensialının formalaşdırılmasına xidmət edir.
MÜTDA-nın direktor müavini Vəfa Yaqublu qalibləri və fərqlənən müəllimləri təbrik edib və onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb. Təşəbbüskar müəllimin həmişə fərqləndiyini və hər zaman öndə olduğunu söyləyən V.Yaqublu yenilikləri ilə seçilən müəllimlərin cəmiyyətimizin quruculuğunun fəal iştirakçılarından olduğunu diqqətə çatdırıb.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə ölkədə həyata keçirilən uğurlu təhsil siyasətindən, dövlətin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb. H.Əlizadə yaradıcı müəllimlərin cəmiyyətdəki rolunu xüsusi vurğulayaraq bildirib ki, Azərbaycan təhsilinin inkişafı və gələcək uğurları qabaqcıl müəllimlərin çiyinləri üzərindədir.
Daha sonra müsabiqədə qalib gələn müəllimlərə diplom və hədiyyələr təqdim olunub, həvəsləndirici yer tutan iştirakçılar Tərifnamə, digərləri isə fəal iştiraklarına görə Təşəkkürnamə ilə təltif ediliblər.
Tədbir Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının və 3 nömrəli uşaq-gənclər inkişaf mərkəzinin şagird və müəllimlərinin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.



