Yaradıcı təfəkkürün formalaşmasında olimpiadaların mühüm əhəmiyyəti var - Firudin Qurbanov
"Bu olimpiadalarda iştirak gənclər üçün böyük imkan yaradacaq".
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu ADA Universitetinə Respublika fənn olimpiadalarının (RFO) qaliblərinin mükafatlandırılması mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
O qeyd edib ki, olimpiada qalibləri müsahibədən kənar şəkildə ali məktəblərə qəbul edilirlər. Bunu onlara göstərilən dövlət qayğısı kimi dəyərləndirən nazir müavininin fikrincə, dünyanı yaxşılığa doğru aparmaq üçün əsas vasitə təhsildir:
"Biz elə gənclər hazırlamalıyıq ki, onlar müasir çağırışlara hazır olsunlar. Elm və Təhsil Nazirliyi çalışır ki, şagirdlərimiz bu çağırışlara hazır olsunlar. Bu baxımdan belə olimpiadaların xüsusi rolu var. Olimpiadalarda qalib olan şagirdlərin xüsusi yanaşmaları var. Yaradıcı təfəkkürün formalaşmasında olimpiadaların və digər intellektual oyunların mühüm əhəmiyyəti var. Bu mənada “Sabahın alimləri” layihəsi də çox önəmlidir".


