Yazılı, yoxsa şifahi – Universitetlər imtahanları necə keçirirlər?

2 İyun, 2026 - 16:01
Yazılı, yoxsa şifahi – Universitetlər imtahanları necə keçirirlər?

Azərbaycanda ali təhsil müəssisələrində yaz semestr imtahanları başlayıb. Bəzi universitetlərdə ənənəvi yazılı və şifahi imtahanlara üstünlük verildiyi halda, bəzilərində test üsulu və qarışıq formatlardan istifadə edilir.

“Azərbaycan müəllimi” ali təhsil müəssisələrində imtahanların hansı formatda keçirildiyini öyrənmək üçün sorğu keçirib.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən bildirilib ki, burada imtahanlar əsasən yazılı formada keçirilir:
“Bəzi fakültələrdə müəyyən fənlər üzrə imtahanlar hibrid formada təşkil olunur. Xüsusiyyətlərindən asılı olaraq, bəzi fənlərdə imtahanlar şifahi, layihə işi formasında da keçirilir”.

Bakı Slavyan Universitetindən isə qeyd edilib ki, semestr imtahanları əsasən yazılı formada olur: “Yazılı imtahanların təşkili tələbələrin bilik və bacarıqlarının obyektiv, şəffaf və hərtərəfli qiymətləndirilməsinə xidmət edir. Bununla yanaşı, bəzi fənlərin spesifik xüsusiyyətləri nəzərə alınaraq imtahanlar şifahi formada da təşkil oluna bilər. Xüsusilə xarici dillər, nitq bacarıqları və praktik vərdişlərin qiymətləndirilməsini tələb edən fənlər üzrə şifahi imtahan formatından istifadə edilir. İmtahanların keçirilmə forması hər bir fənnin tədris proqramına və qiymətləndirmə meyarlarına uyğun müəyyənləşdirilir. Universitet tərəfindən imtahan prosesinin şəffaf, obyektiv və akademik qaydalara uyğun təşkili üçün bütün zəruri tədbirlər görülür”.

Azərbaycan Texniki Universitetindən qeyd edilib ki, imtahanlar əyani təhsil alan I, II və III kurs tələbələri üçün test, yazılı-elektron formada keçirilir: "Qiyabi təhsil alan I, II, III, IV kurs tələbələri üçün isə imtahanlar yalnız test üsulla təşkil edilir. Magistratura səviyyəsində isə imtahanlar şifahi formada keçirilir".

Türkiyə–Azərbaycan Universitetindən qeyd edilib ki, ixtisasla bağlı imtahanlar yazılı və əyani formada həyata keçirilir: İngilis dili biliklərinin qiymətləndirilməsi əyani formada həm şifahi, həm yazılı formada həyata keçirilir. TAU-nun “Kompüter mühəndisliyi”, “Sənaye mühəndisliyi” və “Qida mühəndisliyi” ixtisasları üzrə təhsil alan birinci və ikinci kurs tələbələri üçün imtahanlar tərəfdaş universitetlərin (ODTÜ, İTÜ və Hacettepe Universiteti) qaydaları və qiymətləndirmə meyarları əsasında təşkil edilir”.

Qarabağ Universitetindən qeyd edilib ki, fənlərin spesifik xüsusiyyətinə uyğun olaraq, imtahan prosesində yazılı, şifahi, qarışıq (kombinəedilmiş), baxış və dinləmə metodlarından, eləcə də tələbələrin həm nəzəri, həm də praktiki hazırlığını yoxlayan çoxşaxəli üsullardan istifadə edilir: “Bu fərqli yanaşmalar tələbələrin təkcə yaddaşını deyil, onların təhliletmə, tənqidi təfəkkür, təqdimat və fərdi yaradıcılıq potensialını da tam üzə çıxarmağa imkan yaradır”.

Azərbaycan Memarlıq və İnşaat Universitetindən verilən məlumata görə, 2025-2026-cı tədris ilinin yaz imtahan sessiyası 3 üsulla keçirilir: “İmtahanlar yazılı, test, qabiliyyət tələb edən ixtisaslar üzrə ənənəvi qaydada fakültələrdə keçirilir. İmtahanların formasının dəyişməsinin səbəbi ixtisas fənləri ilə bağlıdır. Tələbənin biliyinin daha dərindən yoxlanılması lazım olan fənlərdə imtahan yazılı üsulla keçirilir. Qeyri-ixtisas fənləri üzrə isə imtahanlar test üsulu ilə keçirilir. İmtahan sessiyası AzMİU-da iyunun 1-də başlayıb və iyulun 3-ə qədər davam edəcək”.

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetindən isə bildirilib ki, nəzəri fənlərim imtahanları yazılı formada keçirilir: “Rəssamlar, aktyorlar və digər yaradıcı ixtisaslarda təhsil alan tələbələr öz işlərini təqdim edirlər”.

Azərbaycan–Fransız Universitetindən bildirilib ki, yekun semestr imtahanları ləğv olunub, təhsil müəssisəsində davamlı qiymətləndirmə sisteminə keçid edilib: “Qiymətləndirməni həyata keçirmək üçün nəzərdə tutulan 3 müxtəlif tapşırıq və ya aralıq imtahanı dekabr ayının sonunadək yekunlaşdırılır. Nəticədə tələbələr bütün fənləri semestr boyunca öyrənir və daim hazırlıqlı olurlar”.

Azərbaycan Kooperasiya Universitetindən qeyd edilib ki, imtahanlar yazılı formada ənənəvi keçirilir.
Azərbaycan Dövlət İqtisad Universitetindən bildirilib ki, imtahanlar həm yazılı, həm də şifahi formada təşkil edilir: “Qeyri-ixtisas fənləri üzrə imtahanlar test, ixtisas fənləri üzrə imtahanlar isə yazılı formatda təşkil olunur”.