Yenə də müəllimliyi seçərdim...
Haqqında söhbət açmaq istədiyimiz Nəzakət Əlizadə Şuşada doğulub. Şuşa işğal olunanda cəmi 17 yaşı olub. Əvvəllər Bakıda yerləşən Şuşa 7 nömrəli tam orta məktəbdə çalışıb. O, 22 illik pedaqoji fəaliyyəti dövründə şagirdlərinə Şuşa haqqında danışıb. Şuşa işğaldan azad olunanda isə sevincinin hədd–hüdudu olmayıb. Qarabağa dönərək Xankəndidəki Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbində işə başlayıb.
Bu gün dərs dediyi sinifdə 5 hərbçi ailəsinin övladları təhsil alır. “Şəhidlərimizin qanı, qazilərimizin canı bahasına alınan bu torpaqda dərs demək mənim üçün ən böyük qürurdur”, - deyir.
Nəzakət müəllim həm də 1"a" sinfinin sinif rəhbəridir. Onun sözlərinə görə, müəllim təkcə bilik öyrətməli deyil, mərhəmətli, yaradıcı olub gələcəyin şəxsiyyətlərini yetişdirməlidir. “Şagirdlərinizə hansı fərqli üsullarla dərs keçirsiniz”, - sualıma o belə cavab verdi: “Şagirdləri fəal şəkildə dərsə cəlb edirəm. Çoxsaylı zəka nəzəriyyəsinə əsasən rəngli və vizual materiallardan istifadə edərək oyunlar, qrup işləri təşkil edirəm. Bu yolla onların dərsə maraqları artır. Bu üsullardan istifadə etməklə təlim nəticələrinin reallaşmasına sinifin ümumi nəticəsinin yüksəlməsinə nail olmaq olur”.
N.Əlizadə qeyd edir ki, əvvəllər tədris prosesi şagird yox, müəllim mərkəzli olurdu ki, bu yanaşma da şagirdi əzbərçiliyə yönəldirdi. İndi isə şagirdlər yaradıcılığa və tənqidi düşünməyə cəlb edilir. Şagirdlərə Qarabağı yaxından tanıtmaq üçün onları ekskursiyaya aparıram. Bu torpaqı azad edən oğullarımızı onlara tanıdıram. Bu torpağın müqəddəsliyini onlara aşılayıram ki, Vətəni sevsinlər.
Nəzakət xanım işlədiyi müddətdə Elm və Təhsil Nazirliyi, Şuşa Təhsil Sektoru və təhsil müəssisələri tərəfindən də dəfələrlə fəxri fərmanlarla təltif olunub. Nəzakət xanım 50 yaşın astanasındadır. O, “yenidən peşə seçmək imkanınm olsa, yalnız müəllimliyi seçərdim. Müəllimlik peşəsi haqqında dahilərin çox fikirlərini oxumuşam. Qarabağ dərdimə müəllimlik peşəmlə sarıla bilməsəydim, yaralarım sağalmazdı”, - deyir.


