"Yeni çağırışlar" kitabının təqdimatı keçirilib
Bu gün ADA Universitetində "Yeni çağırışlar" kitabının təqdimat mərasimi keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, elm və təhsil nazirinin müavini Kənan Kərimzadənin iştirak etdiyi tədbirə müxtəlif təhsil qurumlarının rəhbər şəxsləri və nümayəndələri, tanınmış ictimai xadimlər qatılıblar.
"Yeni çağırışlar" kitabının müəllifi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri, doktorant Cəfər Mənsimi "Yeni çağırışlar"ın ərsəyə gəlməsinə verdiyi dəstəyə görə Elm və Təhsil Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. O, “Yeni çağırışlar” kitabının Elm və Təhsil Nazirliyinin “Facebook” səhifəsində canlı yayımlanan “Yeni çağırışlar” müzakirə proqramı əsasında hazırlandığını, kitabda dünyanın təhsil nəhəngləri ilə aktual mövzuları əhatə edən müsahibələrin əks olunduğunu diqqətə çatdırıb. C.Mənsimi bildirib ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Yeni çağırışlar”da təhsildə köklü dəyişikliklər üçün yol xəritəsi təqdim edilir, daha təhsilli gələcəyə yönələn təcrübələr və dünya standartları əks olunur.
"Əsas məqsəd təhsildə yeni çağırışları müzakirə etmək, dünya standartları və qabaqcıl təcrübələrlə tanış olmaq, daha təhsilli gələcək üçün mesajlar çatdırmaqdır. Əsas məqsədlərdən biri də sınaqdan çıxmış təcrübələri ana dilimizdə ölkənin təhsil ictimaiyyəti ilə bölüşmək, təhsil sinergetikası yaratmaqdır", - C. Mənsimi vurğulayıb.
Müəllif diqqətə çatdırıb ki, kitabın ön sözü İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Təhsil və bacarıqlar üzrə direktoru, PISA - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının yaradıcısı Andreas Şleyxer tərəfindən yazılıb. Kitab Harvard Universitetinin nüfuzlu professoru Hovard Qardner və digər dünyaşöhrətli təhsil mütəfəkkirləri tərəfindən yüksək qiymətləndirilib.
ADA-nın prorektoru Vəfa Kazdal təmsil etdiyi təhsil ocağının bir çox tədbirlərə ev sahibliyi etdiyini bildirib: "Qoy hər zaman ərsəyə çıxan bir kitab, aparılmış tədqiqat, yazılmış elmi əsər bir araya gəlməyimizin səbəbi olsun. Belə vəsaitlərin Azərbaycan dilində hazırlanması tədris proqramına töhfə verə bilər. Gənclərimizi bu cur vəsaitlərin, elmi təqdimat işlərinin hazırlanmasına mümkün qədər ruhlandırmalıyıq. Bu kitab bizim magistr tələbələrimizin fəaliyyətinə xüsusi qatqı verə bilər. Kitab özündə qlobal təhsil fəlsəfəsini ehtiva edir. Oradakı müsahibələr bilavasitə praktiki dərslərdir. Dünya təhsilini formalaşdıran liderlər, şəxslər kitabda real həyat təcrübələrini bölüşüblər".
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə dövlət strategiyaları və proqramları nəticəsində ölkədə genişmiqyaslı islahatların həyata keçirilməsindən və bu islahatların təhsil sahəsini də əhatə etməsindən bəhs edib.
Nazir müavini qeyd edib ki, son 20 il ərzində 3600-dən çox məktəb Prezident İlham Əliyevin birbaşa dəstəyi, eləcə də Mehriban xanım Əliyevanın rəhbərliyi ilə, Heydər Əliyev Fondunun səyləri nəticəsində ya yenidən tikilib, ya da əsaslı təmir olunub.
Kənan Kərimzadə Azərbaycanın keçdiyi təhsil yolunun özünəməxsus olduğunu vurğulayıb: "Keyfiyyətcə özümüzü dəyişmək istəyiriksə, bu yolu öz təcrübələrimizlə keçib öz toxunuşlarımızı etməliyik. "Yeni çağırışlar" kitabı bizi dünyanın ən müxtəlif ölkələrində, ən böyük universitetlərində təhsil verən fərqli-fərqli insanlarla gorüşdürür. O şəxslərin təcrübələrini Azərbaycan təhsilinə gətirmək, onların təcrübələrini bölüşmək təhsilimizi yaxşılığa doğru dəyişmək üçün atılan bir addımdır”.
Daha sonra Əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Əməkdar müəllim Asif Cahangirov, Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxış edərək "Yeni çağırışlar" kitabının yeni səriştələr, təhsilin gələcəyi, yeni dövrün öyrənmə mədəniyyəti, müəllim nüfuzu və s. mövzuları əhatə etdiyini qeyd ediblər, kitabın təhsilimizdə baş verən dəyişikliklərin göstəricisi olduğunu vurğulayıblar.



