Yeni geyim tələbləri müəllim nüfuzuna necə təsir edəcək?

19 İyun, 2026 - 12:17
Yeni geyim tələbləri müəllim nüfuzuna necə təsir edəcək?

Milli Məclisdə müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik layihəsinə əsasən, dövlət ümumi təhsil müəssisələrində müəllimlər üçün geyimlə bağlı tələblərin müəyyənləşdirilməsi nəzərdə tutulur. Məktəblərdə şagirdlər üçün vahid geyim forması uzun illərdir tətbiq olunsa da, müəllimlərin geyimi ilə bağlı tələblərin müəyyənləşdirilməsi məsələsi ilk dəfə qanunvericilik səviyyəsində gündəmə gətirilir. Yeni təşəbbüsün müəllim nüfuzuna, məktəbdaxili nizam-intizama və təhsil mühitinə təsiri ilə bağlı fikirlər müxtəlifdir.

Bəs müəllimlər üçün geyim standartlarının tətbiqi hansı zərurətdən irəli gəlib və bu addım təhsil mühitinə nə vəd edir?

Mövzu ilə bağlı fikirlərini “Azərbaycan müəllimi” ilə bölüşən filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq hesab edir ki, belə bir tənzimləmə, ilk növbədə, məktəbdə peşəkar mühitin və müəllim nüfuzunun gücləndirilməsi məqsədi daşıyır: “Düşünürəm ki, bu təşəbbüs, ilk növbədə, məktəbdə peşəkar mühitin, müəllim nüfuzunun və təlim-tərbiyə atmosferinin gücləndirilməsi zərurətindən irəli gəlir. Müəllim şagird üçün davranışı, nitqi, görünüşü və həyat tərzi ilə nümunə olan bir şəxsiyyətdir. Bu baxımdan onun xarici görünüşü də məktəbin ümumi mədəniyyətinin tərkib hissəsi hesab edilməlidir”, – deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, məsələyə peşəkar standartlar prizmasından yanaşmaq daha məqsədəuyğundur.

“Dünyanın bir çox ölkələrində müəllimlər üçün konkret forma deyil, ümumi geyim və davranış kodeksi tətbiq olunur. Azərbaycanda da əsas məqsəd müəllimin fərdiliyini məhdudlaşdırmaq yox, onun peşəsinə uyğun görünüş standartlarını müəyyənləşdirmək olmalıdır”, – deyə o vurğulayıb.

Mütəxəssis hesab edir ki, təşəbbüsün uğurlu olması üçün müəllimlərin rəyi nəzərə alınmalı və proses inzibati qərar kimi deyil, peşə etikasının tərkib hissəsi kimi təqdim edilməlidir.

“Bu məsələ yalnız geyimlə məhdudlaşmamalı, müəllim etikasını, ünsiyyət mədəniyyətini və ümumi peşəkar davranışı da əhatə etməlidir”, – deyə o əlavə edib.

Müəllimlər üçün geyim standartlarının qanunvericilik səviyyəsində müəyyənləşdirilməsinin mümkün təsirlərinə də toxunan mütəxəssis bildirib ki, bu addım məktəbdə daha ciddi və peşəkar mühitin formalaşmasına müəyyən töhfə verə bilər.

“Çünki məktəb sadəcə təhsil müəssisəsi deyil, həm də dəyərlərin və davranış normalarının formalaşdığı sosial mühitdir. Müəllimin geyimi ilə bağlı ümumi standartların müəyyənləşdirilməsi məktəbdə daha nizamlı və peşəkar mühitin formalaşmasına kömək edə bilər.

Bununla belə, müəllim nüfuzunu yalnız geyimlə bərpa etmək mümkün deyil. Son illər cəmiyyətdə müəllimə münasibətin dəyişdiyini müşahidə edirik və bu, daha mürəkkəb sosial proseslərlə bağlıdır. Ancaq müəllimin peşəkar görünüşü onun ictimai imicinin vacib elementlərindən biridir və bu amil də diqqətdən kənarda qalmamalıdır”, – deyə o qeyd edib.

Şəmil Sadiqin fikrincə, müəllim hər şeydən əvvəl savadı, davranışı, nitq mədəniyyəti, əxlaqı və peşəkarlığı ilə nümunə olmalıdır.

“Geyim standartları bu böyük sistemin yalnız bir hissəsidir. Əgər müəyyən ediləcək qaydalar müəllimin nüfuzunu yüksəltməyə və məktəbdə peşəkarlıq mühitini gücləndirməyə xidmət edəcəksə, bu təşəbbüs müsbət nəticələr verə bilər.
Müəllim hər zaman cəmiyyətdə ən çox görünən və ən çox təqlid olunan fiqurlardan biridir. Şagirdlər müəllimin yalnız dediklərini deyil, davranışını, danışığını, geyimini və ümumi həyat tərzini də müşahidə edir və müəyyən mənada ondan təsirlənirlər. Buna görə də müəllimin görünüşü məktəbdə formalaşan ümumi mədəniyyətə təsirsiz qalmır.

Yeni qaydalar müəllimin daha peşəkar və nümunəvi obraz kimi qəbul edilməsinə müəyyən dəstək verə bilər. Lakin burada əsas məsələ eyni formada geyinmək deyil, peşəyə uyğun görünüş və davranış standartlarının qorunmasıdır. Mən müəllimlərin hamısının eyni rəngdə və eyni formada geyinməsinin tərəfdarı deyiləm. Çünki müəllim yaradıcı peşə sahibidir və onun fərdiliyinin qorunması vacibdir”, – deyə o vurğulayıb.

Onun fikrincə, müəllim öz görünüşü və davranışı ilə məktəbin dəyərlərini təmsil etdikdə, şagirdlər də həmin dəyərləri daha asan mənimsəyirlər.

“Buna görə də müəllim obrazının gücləndirilməsi yalnız geyim məsələsi deyil, bütövlükdə müəllim peşəsinin nüfuzunun artırılması məsələsidir”, – deyə ekspert fikirlərini yekunlaşdırıb.