Yeni ixtisaslar yaradıldı – QƏRAR
“Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, “Kommersiya” ixtisas qrupuna “Tədbirlərin planlaşdırılması və təşkili”, “Satış və marketinq” və “Satınalmaların təşkili” ixtisasları əlavə edilib.
“Avtomatlaşdırılmış texnologiyalar və istehsal” ixtisas qrupunda bundan sonra “Mexatronika” və “İstehsalata rəqəmsal nəzarət sistemləri” ixtisasları da tədris olunacaq.
İnformasiya-kommunikasiya texnologiyaları sahəsində isə “Rəqəmsal məzmun idarəçiliyi” və “3D rəqəmsal oyun dizayneri” yeni ixtisaslar sırasında yer alıb.
Dəyişikliklər kənd təsərrüfatı sahəsini də əhatə edir. “Bitkiçilik” ixtisas qrupuna “Bitki mühafizəsi və fumiqasiya işləri üzrə texnik” ixtisası əlavə olunub.
Bununla yanaşı, “Geomatika” ixtisas qrupunda “Geodeziya və kartoqrafiya”, “Bitki və marqarin yağı istehsalı” ixtisas qrupunda isə “Qida emalı texnologiyaları” ixtisasları yaradılıb.
İnşaat sahəsində də iki yeni ixtisas təsnifata daxil edilib. “Ümumi inşaat işləri” ixtisas qrupuna “Rəqəmsal inşaat üzrə mütəxəssis”, “Elektrik avadanlıqları və elektrik şəbəkələrinin elektroquraşdırılması” ixtisas qrupuna isə “Elektrik sayğacları texniki” ixtisası əlavə olunub.




