Yeni meyarlar praktik fəaliyyətə daha çox yönələcək – Deputat
“Müəllimlərin sertifikatlaşdırılması prosesi 2026-cı ilə qədər tamamlanacaq. Bu, ölkədə təhsil sahəsində aparılan ən genişmiqyaslı islahatlardan biridir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Milli Məclisdə bu gün keçirilən Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında millət vəkili Mehriban Vəliyeva deyib.
O qeyd edib ki, ikinci mərhələdə tətbiq ediləcək yeni meyarlar pedaqoji nəticələrə və praktik fəaliyyətə daha çox yönələcək. Bu isə müəllimlərin fəaliyyətini canlandıracaq və təhsilin keyfiyyətinin yüksəlməsinə töhfə verəcək.
Millət vəkili əlavə edib ki, əməkhaqlarına əlavələr və digər təşviqedici tədbirlər müəllimlərin motivasiyasını artırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. 2026-cı il üçün nəzərdə tutulmuş büdcə xərcləri isə yalnız sadəcə maliyyə xərci deyil, Azərbaycanın gələcəyinə, insan kapitalına və təhsilin inkişafına yönəlmiş strateji investisiya kimi qiymətləndirilməlidir.



