"Yeni təsnifat müəllim çatışmazlığı probleminin həllinə də kömək edəcək" -  Ekspert 

5 Dekabr, 2024 - 14:30

“İxtisaslarla bağlı bir neçə il əvvəl təsdiqlənmiş təsnifatın yenidən gözdən keçirilməsinə zərurət vardı”.

Bunu təhsil eksperti Elçin Süleymanov “Azərbaycan müəllimi”nə açıqlamasında deyib. O bildirib ki, zaman keçdikcə müəyyən ixtisaslar aktuallığını itirir və yeni ixtisasların müəyyənləşməsinə eytiyac yaranır. Ekspert Nazirlər Kabinetinin bir necə gün əvvəl verdiyi qərarla ali təhsilin bakalavriat səviyyəsi üzrə yeni yaradılan 7 ixtisasın (“Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları”) bənzərlərinin olduğunu, lakin daha da spesifikləşmə baxımından onların təsnifata salınmasını düzgün addım hesab edir.

E.Süleymanov qeyd edib ki, “Riyaziyyat müəllimliyi" və “Fizika müəllimliyi” ixtisasları ayrı-ayrılıqda var idi: “Düşünürəm ki, “Kimya-biologiya müəllimliyi” kimi, riyaziyyat və fizika müəllimliyinin də bir arada cəmləşdiyi yeni ixtisasın yaranması zərurət idi. Çünki bu sahələrin ikisi də əhəmiyyətlidir.

Müxtəlif qərb ölkələrində riyaziyyat və fizikanın bir arada olduğu ”Riyaziyyat və fizika mühəndisliyi" kimi ixtisasların olduğunu deyən mütəxəssis  “Riyaziyyat və fizika müəllimliyi” ixtisası üzrə kadr hazırlığının məktəblərdə müəllim çatışmazlığı probleminin həllinə müəyyən dərəcədə kömək edəcəyini söyləyib: ”Məktəblərimizdə fizika müəlliminə ehtiyac var, riyaziyyat müəllimləri bu fənni keçə bilmədiklərindən həmin ehtiyacları onların hesabına ödəyə bilmirik. Amma artıq “Riyaziyyat və fizika müəllimliyi” üzrə kadrların hazırlığı imkan verəcək ki, bu problem aradan qalxsın".  

E.Süleymanov əlavə edib ki, “Data analitikası” kifayət qədər yeni ixtisasdır, bu istiqamət üzrə biliklər bu gün tibbdən iqtisadiyyata qədər istənilən sahədə istifadə olunur. Bu ixtisas üzrə kadrların olması iqtisadiyyatda, idarəetmədə, ümumiyyətlə, müxtəlif sahələrdə problemlərin həllinə kömək olur: “İnformasiya əsrində “Data analitikası” ixtisasına ciddi tələbat var. Elə bu tələbdən irəli gələrək kurslar təşkil olunur, amma bakalavr ixtisası üzrə kadrların hazırlanması daha düzgün addımdır. Kənd təsərrüfatı texnologiyaları, məsələn, mexanizasiya kimi bənzər ixtisaslar hələ sovet dövründən vardı. Amma kadr hazırlığı ölkənin kənd təsərrüfatının inkişafı baxımından faydalı olacaq”.

Ekspert bildirib ki, heyvandarlıq üzrə yeni yaradılan ixtisasların bənzəri  - baytarlıq, zootexnik kimi ixtisaslar var idi. Amma həmin ixtisaslar sırf ev heyvanlarının sağlamlığı ilə əlaqədar deyildi. Heyvandarlıq məhsullarının istehsalı, satışı, heyvandarlıq təsərrüfatının idarəedilməsi kimi istiqamətləri əhatə edən ixtisaslar fermer təsərrüfatlarının inkişafına fayda verəcək: “İndiyədək qidalanma, diyetologiya sahəsində bu istiqamətlər üzrə peşəkar olmayan insanlar fəallıq göstərirdilər. Düşünürəm ki, insanların piylənmə ilə mübarizə apardığı hazırkı dövrdə bu ixtisas ehtiyac var. Bakalavriat səviyyəsi üzrə belə kadrların hazırlanması ilə bu sahədə xidmətin keyfiyyətini artırmaq mümkündür. ”Proqram təminatı mühəndisi" və “Qida texnologiyaları” ixtisasının da bənzər adı olan ixtisaslar vardı və indi ixtisas adı korrektə edildi".

E.Süleymanovun sözlərinə görə, Dünya İqtisadi Forumunun bu il nəşr etdiyi “Gələcəyin ixtisasları” hesabatında da göstərilib ki, hər il mövcud ixtisasların 15-20 faizi aktuallığını itirir, bir o qədər də yeni ixtisaslar yaranır. Buna görə də müəyyən dövrdən sonra aktuallığını itirmiş ixtisasların ləğvi, zəruri olan ixtisasların təsnifata salınması vacibdir: "Magistraturaya gəldikdə, bu səviyyədə ixtisaslaşma yox, ixtisas olaraq siyahının müəyyənləşdirilməsi daha faydalıdır. Yeni təsnifat müxtəlif ixtisaslar arasındakı anlaşılmazlığı və keçidlərdəki problemləri aradan qaldırır. Bunun təhsilin inkişafına müsbət təsir göstərəcəyinə inanıram”.