Yeni Zelandiyada məktəblər valideynlərə ildə iki dəfə hesabat verəcək
Yeni Zelandiyada məktəblərin planlaşdırılması, hesabat verməsi və valideynlərə şagirdlərin təhsili ilə bağlı məlumat təqdim etməsi qaydaları dəyişdirilir.
"Azərbaycan müəllimi" xəbər verir ki, yeni qaydalar şagird nailiyyətlərinə diqqətin artırılmasını və valideynlərə övladlarının təlimi barədə daha aydın və vahid məlumat verilməsini nəzərdə tutur.
Dəyişikliklər təhsil sahəsində daha geniş islahatların bir hissəsidir. Bu islahatlar çərçivəsində təhsil nailiyyətlərinin məktəb şuralarının əsas məqsədi kimi müəyyənləşdirilməsi, həmçinin oxu, yazı və riyaziyyat üzrə ildə iki dəfə qiymətləndirmənin tətbiqi nəzərdə tutulur.
Məktəb şuralarına yeni tələblər
Dəyişikliklərə əsasən, məktəb şuraları ən azı üç strateji məqsəd müəyyənləşdirməlidir. Bu məqsədlərdən ən azı biri oxu, yazı və ya riyaziyyat üzrə təhsil nailiyyətlərinə yönəlməlidir.
Dəyişikliklərin məktəblərin planlaşdırma tələblərini sadələşdirməsi, məktəbin prioritetləri, şagird nəticələri və irəliləyişin necə ölçülüb hesabatlandırılması arasında daha aydın əlaqə yaratması gözlənilir.
Yeni qaydalara əsasən, məktəb şuralarından strateji məqsədlərinin milli təhsil strategiyalarını necə dəstəklədiyini göstərmək tələb olunmayacaq. Bununla belə, təhsil müəssisələri strateji planlarını hazırlayarkən bu strategiyalardan istifadə edə biləcəklər.
Hesabat vermə üzrə vahid tələblər müəyyənləşdiriləcək
Təhsil qaydalarına ediləcək dəyişikliklərlə valideynlərə hesabat vermə üzrə ölkə səviyyəsində vahid tələblər müəyyənləşdiriləcək.
2027-ci il yanvarın 1-dən etibarən məktəblər valideynlərə ildə iki dəfə hesabat təqdim etməli olacaq.
Hesabatlarda şagirdin qiymətləndirmə nəticələri, irəliləyişi və nailiyyətləri, davamiyyəti, növbəti təlim mərhələləri, kurikulum üzrə gözləntilərdən xeyli geridə qaldığı halda ona göstərilən dəstək barədə məlumatlar yer alacaq.
Məktəblərin planlaşdırılması və hesabat verməsi, eləcə də valideynlərə hesabat təqdim edilməsi ilə bağlı qaydalardakı dəyişikliklərin 2026-cı ilin IV tədris rübünün əvvəlində dərc olunacağı bildirilir.




