“Yüksək nəticə mənə böyük motivasiya verdi” – Region müəllimləri ilə söhbət 

1 İyul, 2026 - 09:43
“Yüksək nəticə mənə böyük motivasiya verdi” – Region müəllimləri ilə söhbət 

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllimləri sertifikasiya imtahanında yüksək nəticələr əldə ediblər. “Azərbaycan müəllimi” olaraq uğur qazanan müəllimlərin fikirlərini öyrəndik. Onlar nəticələrini uzunillik pedaqoji təcrübənin, davamlı hazırlığın və müəllim peşəsinə məsuliyyətli yanaşmanın göstəricisi kimi dəyərləndiriblər.

Kürdəmir şəhəri Famil Həşimov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin təsviri incəsənət müəllimi Şəfiqə Qədirova sertifikasiya imtahanında 27 dəqiqəyə 58 bal toplayıb. Müəllim bildirib ki, imtahana hazırlıq prosesi onun üçün həm biliklərini yeniləmək, həm də peşə fəaliyyətinə yenidən daha sistemli baxmaq baxımından əhəmiyyətli olub:

“Bu nəticə mənim üçün sadəcə bal deyil, illərlə sinifdə qazandığım təcrübənin, şagirdlərimlə keçirdiyim dərslərin və peşəmə olan sevgimin göstəricisidir. Sertifikasiya imtahanına hazırlaşarkən bir daha gördüm ki, müəllim daim öyrənməli, öz üzərində işləməli və yeniliyə açıq olmalıdır. Qısa müddətdə imtahanı tamamlayaraq yüksək nəticə əldə etməyim mənə böyük motivasiya verdi”.

Ucar şəhəri 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseyin təsviri incəsənət müəllimi Dilarə Əliyarova sertifikasiya imtahanında 59 bal nəticə göstərib. O, qazandığı uğurun məsuliyyət hissini daha da artırdığını qeyd edib:

“Müəllim üçün ən böyük dəyər öz biliyinə güvənmək və bu biliyi şagirdlərinə sevdirə bilməkdir. Təsviri incəsənət fənni şagirdlərdə yaradıcılığı, estetik zövqü və müşahidə bacarığını formalaşdırır. Sertifikasiya imtahanında 59 bal toplamağım mənim üçün böyük sevincdir. Bu nəticə gələcək fəaliyyətimdə daha həvəslə çalışmağıma stimul verir”.

Kürdəmir rayonu Atakişili kənd tam orta ümumtəhsil məktəbinin təsviri incəsənət müəllimi Simarə Hüseynzadə isə 52 dəqiqəyə 59 bal toplayaraq uğurlu nəticə əldə edib. Müəllim vurğulayıb ki, sertifikasiya prosesi müəllimlərin peşəkar inkişafı baxımından mühüm imkan yaradır:

“Sertifikasiya imtahanına hazırlaşarkən məqsədim yalnız yüksək bal toplamaq deyildi. Əsas məqsədim biliklərimi təkmilləşdirmək, metodiki yanaşmalarımı yeniləmək və özümü peşəkar baxımdan daha da inkişaf etdirmək idi. Əldə etdiyim nəticə mənə göstərdi ki, zəhmət, davamlı hazırlıq və özünə inam hər zaman uğur gətirir”.

Müəllimlərin sertifikasiya imtahanında göstərdikləri nəticələr onların peşə səriştəsinin, fənnə bağlılığının və davamlı inkişaf yolunda nümayiş etdirdikləri əzmin bariz nümunəsidir. Bu uğurlar həm də region məktəblərində çalışan müəllimlərin tədrisin keyfiyyətinə verdiyi töhfəni bir daha ortaya qoyur.