Yüksək nəticə göstərəcəyimə əmin idim – Maksimum bal toplayan məktəbli

17 Aprel, 2026 - 20:12
Yüksək nəticə göstərəcəyimə əmin idim

Qeyd etdiyimiz kimi, Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Həsənli Aydın Çingiz oğlu maksimum nəticə göstərərək böyük uğura imza atıb. Aydın daha əvvəl də — IX sinif üzrə buraxılış imtahanında 300 bal toplayaraq ən yüksək nəticəni əldə etmişdi.

"Azərbaycan müəllimi" uğurlu məktəbli ilə həmsöhbət olub.

"Uğurlu nəticə göstərmək üçün bütün günü dərs oxumağa ehtiyac yoxdur"

Aydın Həsənli 2009-cu ildə anadan olub və uşaq yaşlarından öyrənməyə həvəs göstərib. Bildirir ki, birinci sinifdən bu günə qədər bütün fənlərdən "əla" qiymətlər alıb, dərslərinə həmişə məsuliyyətlə yanaşıb. Bununla belə idman, rəsm çəkmək kimi hobbiləri də var: "Bütün fənlərə uşaqlıqdan maraq göstərmişəm, dərslərimə çox məsuliyyətlə yanaşmışam. Məktəbimizin müəllimləri də mənə hər zaman dəstək olub. Yuxarı siniflərə doğru riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, xarici dilə xüsusi diqqət ayırmağa başladım. Bunlar mənim sevdiyim fənlərdir".

Aydın bildirir ki, yüksək  nəticə gösyərəcəyinə əmin olub. Maksimum nəticə əvvəl də əldə etdiyinə görə bu dəfə özünə inamlı olub. Bununla belə çox həyəcanlı və sevincli olduğunu bölüşür bizimlə:

"Mən birinci ixtisas qrupu üzrə imtahana hazırlaşıram və Bakı Ali Neft Məktəbində "Kompüter elmləri" ixtisası üzrə təhsil almağı arzulayıram. Gələcəkdə xaricdə magistr təhsili almağı planlaşdırıram".

Yüksək nailiyyət qazanan məktəbli uğurunun sirrini digər şagirdlərlə bölüşərək deyir: "Uşaq yaşlarından dərslərə məsuliyyətlə yanaşmaq, yaxşı oxumaq lazımdır. Belə olan halda mütləq nəticə yaxşı olacaq".