Yüksəkhazırlıqlı abituriyentlər daha çox hansı universitetləri seçirlər?

19 İyun, 2026 - 16:09
Yüksəkhazırlıqlı abituriyentlər daha çox hansı universitetləri seçirlər?

2025-ci ildə I ixtisas qrupu üzrə ən yüksək orta bal göstəricisi 638,171, III ixtisas qrupu üzrə isə 643,784 bal olub. 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi "Abituriyent" jurnalının 12-ci buraxılışında qeyd olunub.

Statistik materiallara əsasən, ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul olan tələbələrin orta bal göstəriciləri arasında əhəmiyyətli fərqlər müşahidə edilir.

Məlumata görə, I ixtisas qrupu üzrə ən yüksək orta bal göstəricisi Bakı Ali Neft Məktəbində qeydə alınıb. Bu ali məktəbə qəbul olunan tələbələrin orta balı 638,171 təşkil edib. Sonrakı yerlərdə ADA Universiteti (611,001 bal) və Türkiyə-Azərbaycan Universiteti (578,191 bal) qərarlaşıb.

II ixtisas qrupunda ən yüksək orta bal göstəricisi ADA Universitetində olub. Universitetə qəbul olunan tələbələrin orta balı 625,267 təşkil edib.

III ixtisas qrupu üzrə də liderliyi ADA Universiteti qoruyub. Bu qrupda universitetə qəbul olan tələbələrin orta balı 643,784 olub. Dövlət Gömrük Komitəsinin Akademiyası, Milli Aviasiya Akademiyası və Dövlət İdarəçilik Akademiyası da yüksək göstəricilərlə seçilib.

IV ixtisas qrupunda isə ən yüksək orta bal Azərbaycan Tibb Universitetində qeydə alınıb. Burada qəbul olunan tələbələrin orta balı 632,691 təşkil edib.

DİM-in təhlilinə görə, yüksəkhazırlıqlı abituriyentlər daha çox Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Türkiyə-Azərbaycan Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Tibb Universitetinə üstünlük verirlər.