“Yüksəliş”ə qatılanların yarıdan çoxu dövlət qurumlarında çalışır
““Yüksəliş”də iştirak üçün qeydiyyatdan keçənlərin 52,76 faizi dövlət, 45,04 faizi özəl sektorda, 1,24 faizi qeyri-hökumət təşkilatlarında, 0,95 faizi isə beynəlxalq qurumlarda fəaliyyət göstərir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bu gün təşkil edilən mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, müsabiqə iştirakçılarının əksəriyyəti ali təhsilini Azərbaycanda alıb: “Belə ki, 16 554 nəfər iştirakçı bakalavriat təhsilini Azərbaycanda alıb. Xaricdə bakalavriat təhsili almış iştirakçıların ümumi sayı 1 097 nəfərdir. Onlardan 871 nəfər bakalavriat təhsilini yalnız xaricdə, 226 nəfər isə həm Azərbaycanda, həm də xaricdə alıb”.
Onun sözlərinə görə, iştirakçılar arasında magistratura səviyyəsində təhsil alanların sayı da diqqət çəkir: “Belə ki, ümumilikdə 8 782 nəfərin magistratura təhsili var. Onlardan 7 137 nəfər magistratura təhsilini Azərbaycanda alıb. Xaricdə magistratura təhsili almış iştirakçıların ümumi sayı 1 645 nəfərdir. Onlardan 1 266 nəfər magistratura təhsilini yalnız xaricdə, 379 nəfər isə həm Azərbaycanda, həm də xaricdə əldə edib”.
Fərhad Hacıyev əlavə edib ki, eyni zamanda, doktorantura və aspirantura səviyyəsində təhsil alan iştirakçıların sayı 1 185 nəfər təşkil edib. Onlardan 903 nəfər bu təhsil pilləsini Azərbaycanda alıb: “Xaricdə doktorantura və aspirantura təhsili almış iştirakçıların ümumi sayı 282 nəfərdir. Onlardan 270 nəfər doktorantura/aspirantura təhsilini yalnız xaricdə, 12 nəfər isə həm Azərbaycanda, həm də xaricdə keçib”.



