Zəfərin mübarək, Azərbaycan!

8 Noyabr, 2025 - 09:17
Zəfərin mübarək, Azərbaycan!

27 sentyabrdan 8 noyabra qədər davam edən 44 gün. Bizi işğalda olan torpaqlara, Qələbəyə aparan 44 gün.

8 Noyabr – düz 5 ildir ki, bu gün Vətən müharibəsindəki şanlı qələbəmizi yekunlaşdıran tarix – Zəfər Günü kimi qeyd edilir.

Həmin günlərdə televiziya ekranlarında gedən xəbərlər zərgər dəqiqliyi ilə izlənilirdi. Bu xəbərlərin hər birində eşitdiyimiz “azaddır, Azərbaycan Ordusunun nəzarəti altındadır” cümlələri sevincdən ucalan sədalar yüksəldirdi.

Vətən müharibəsi Xalq–Ordu birliyinin bariz nümunəsi, işğal tarixlərindən azad edilmə tarixlərinə keçid dövrü idi. Bu, hər bir soydaşımızın kədərinin, sevincinin, qürurunun bir araya toplandığı tarix idi.
Bütün hər kəs tək ürək olmuş, qələbə xəbərini gözləyirdi. Bu dəfə tam əmin idik — geri dönəcəkdik, illərin həsrəti sona yetəcəkdi. Azad olunacaqdı yurdumuz, artıq şəhərlərin azad edilmə tarixlərindən yazı hazırlanacaqdı. Azadlığın carçısı ilk Cəbrayıl, müharibə dövründə azadlığını dadan son şəhər isə Şuşa oldu. İşğal altına düşmüş birinci şəhər və işğaldan azad edilən son şəhər idi Şuşa.

“Gün o gün olsun” cümləsinin gerçəkləşməsinə az qalmışdı. Həm də çox az. O qədər az ki, artıq səbirsizlənirdik. Təbrik etməyə və o təbriki almağa səbirsizlənmişdik. Bizim qədər hövsələsizləşən, sahiblərinə qucaq açan torpaqlar da günləri sayırdı sanki. 30 ilə yaxın ayrılığın acısını, viranlığını unutmuşdu.

Gələn şad xəbərlərin içərisində Şuşanın azad edilmə xəbəri müharibənin yekunu, qələbənin təminatı demək idi.

“... Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi!
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!”

Bu şüarlar 2020-ci ilin noyabrın 8-də xalqa müraciətində Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən səsləndirilib. Bəli, 8 may tarixini 8 noyabr əvəzlədi.

Xankəndidə, Şuşada, Xocalıda, eləcə də digər azad olunmuş ərazilərimizdə keçirilən paradlar, yürüşlər o tarixi əvəzlədi.

Həyata keçirilən genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 9 noyabrda kapitulyasiya aktı imzalandı və düşmən məğlubiyyətini qəbul etdi.
Qürurlu idik. Qürurumuzun ardında sevincə qatılan göz yaşlarımız vardı. Müharibə itkisiz olmur. Şəhidlərimiz, qazilərimiz oldu. Tanıdığımız, tanımadığımız hər can üçün yandıq. Odsuz, alovsuz... Viran qalmış, talan edilmiş yerlərdə minlərlə arzu, xəyal yarım qaldı. Yurd sevgisi, illərin həsrəti hər şeyi arxada qoymuşdu.

Daşı daş üstə qalmayan, xarabalığı xatırladan yerlər görünüşündən utanırdı, elə bil. Arada üzünə duman çəkir, bəzən isə azadlığını qeyd etmək üçün dumanını azaldırdı. Müharibədə bu torpaqların hər qarışı bir xatirəyə, bir arzuya qucaq açmış, ona yuva olmuşdu. İsti bir yuva.

Doğma sahibləri qayıtmışdı. Qurmağa, yaratmağa, dirçəltməyə qayıtmışdı. 44 günə 2022-ci və 2023-cü ilin sentyabrında baş verən hadisələr də calandı. Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olundu. Dövlətimiz qətnamələrdə, bəyannamələrdə qalan hüququ özü bərqərar etdi. Regionun söz sahiblərindən birinə çevrildi.

İndi uzun illərin vurduğu ziyan, şəhərlər və dağıdılmış infrastruktur mərhələli şəkildə qurulur, yeni nəfəs verilir, sakinlər öz evlərinə köçürülür. Təşkil edilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə şərait yaradır.

Keçmiş məcburi köçkünlərin “Böyük Qayıdış” poqramı çərçivəsində doğma yurdlarına qayıtması uğurla həyata keçirilir. Reportajlar, xəbərlər abadlaşan torpaqlardan hazırlanır, müsahibələr “Şükür ki, qayıtdıq” cümlələri ilə yekunlaşır.

Bu gün də elə yekunlaşdırırıq:
Azadlığın mübarək, Şuşa!
Zəfərin mübarək, Azərbaycan!