"Zəkalar" liseyində “Son zəng” tədbiri keçirilib
Bu gün ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri təşkil olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirlər çərçivəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Bakı şəhərindəki 287 nömrəli “Zəkalar” liseyində keçirilən mərasimdə iştirak edib.
Eşqi Bağırov çıxışında məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb. O bildirib ki, son illər ümumi təhsilin keyfiyyətinin artırılması istiqamətində mühüm islahatlar həyata keçirilib. Bu dəyişikliklər məzunların bilik və bacarıqlarında aydın görünür:
“Bu gün ölkəmizdə əvvəlki illərlə müqayisədə təhsil sahəsində unikal imkanlar mövcuddur. Yeni təhsil müəssisələri açılır, əmək bazarının tələblərinə uyğun ixtisaslar yaradılır. Hər birinizi təhsilinizi davam etdirərək əlavə bilik və bacarıqlar qazanmağa, ölkəmizin inkişafına töhfə verməyə çağırıram”.
Agentlik direktoru pedaqoji heyəti də təbrik edərək müəllimlərin cəmiyyətin bütün sahələrindəki əvəzsiz rolunu vurğulayıb.
Sonda qızıl medalçılar, olimpiada qalibləri, təhsil və idman sahəsində nailiyyət göstərmiş məzunlar, eləcə də tədrisdə fərqlənən, yenilikçi müəllimlər təltif olunub.
Tədbir şagirdlərin hazırladığı bədii kompozisiyalar və musiqi nömrələri ilə davam edib.



