140-dək yeni məktəbdə peşə təmayüllü siniflər yaradılacaq – Arif Pənahov
"İlkin gözləntilərə görə, hazırda 11 nömrəli xüsusi təhsil məktəbində pilot layihə kimi fəaliyyət göstərən peşə təmayüllü sinif modelinin növbəti tədris ilində daha 8 xüsusi təhsil məktəbində də tətbiq edilməsi mümkündür".
Təhsil Texnologiyaları Mərkəzinin Təmayüllü siniflər üzrə layihələr şöbəsinin müdiri Arif Pənahov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, bu tədris ilindən peşə təmayüllü siniflər yalnız adi ümumi təhsil məktəblərində deyil, eyni zamanda sağlamlıq imkanları məhdud şagirdlərin təhsil aldığı 11 nömrəli xüsusi təhsil məktəbində də pilot layihə kimi tətbiq olunmağa başlayıb. Bu təşəbbüs şagirdlərin müasir təhsil imkanlarından faydalanmasına şərait yaradaraq, onların cəmiyyətə inteqrasiyasını təmin edəcək:
“Ümumilikdə isə 2026/2027-ci tədris ilində peşə təmayüllü siniflərin əhatə dairəsinin genişləndirilməsi, bu çərçivədə 140-dək yeni məktəbdə tətbiqi planlaşdırılır”.
Qeyd edək ki, hazırda ölkənin 327 orta məktəbində 536 peşə təmayüllü sinif var.



