186 boş yazı işi üçün apellyasiyaya müraciət edilib – DİM
9 mart və 15 mart 2026-cı il tarixlərində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanlarının nəticələri ilə bağlı təşkil edilən Apellyasiya Komissiyasına ümumilikdə 7487 şagird 19895 yazı işi ilə bağlı qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.
DİM-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, müraciətlərin 186-sı boş yazı işindən (bu işlərdə şagirdlər tərəfindən heç bir yazı işi yerinə yetirilməyib və tamamilə boşdur), 356-sı isə tam bal ilə qiymətləndirilmiş işlərdən (bu işlər yoxlama vaxtı markerlər tərəfindən tam bal ilə qiymətləndirilib) olub. Tam ballıq işlərə aid müraciətlər də araşdırılmış və elektron apellyasiya ərizələrində müvafiq qeydlər yazılmışdır. Şagirdlərin nəzərinə çatdırırıq ki, elektron apellyasiya ərizələrinə (https://apelyasiya.dim.gov.az/) daxil olaraq Apellyasiya Komissiyasının qərarları ilə tanış ola bilərlər. Qeyd edək ki, apellyasiya prosesinin başa çatması ilə bağlı şagirdlərin elektron apellyasiya ərizələrində yazdıqları mobil telefon nömrələrinə “sms” məlumat göndərilib.



