2026-cı ilin Günəş və Ay tutulmalarının vaxtı bilindi

25 Dekabr, 2025 - 11:25
2026-cı ilin Günəş və Ay tutulmalarının vaxtı bilindi

2026-cı il üçün Günəş və Ay tutulmalarının təqvimi bəlli olub.

Bu barədə "Azərbaycan müəllimi"nə N.Tusi adına Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, tutulmalar Günəşin qarşısına Yer və ya Ay keçərək onun işığını kəsdiyi zaman baş verir. Yer orbitinin müstəvisi ilə Ayın orbitinin müstəvisi arasında cəmi  5°09′  fərq var. Ayın tam ay və yeni ay fazası orbitin düyünlərinə uyğun gələrsə, o zaman tutulma baş verir. Günəş tutulması üçün əlavə şərt isə Ay və Günəş disklərinin göydə görünən bucaq ölçülərinin demək olar ki, eyni olmasıdır.

Günəş tutulması zamanı Ay Günəşlə Yer arasına keçərək Günəşdən gələn şüaların Yerə çatmasının qarşısını alır. Nəticədə Yer səthinin müəyyən hissələrində Ayın kölgəsi yaranır və tutulma müşahidə olunur. Günəş tutulması yalnız təzə Ay fazasında baş verir.

Ay tutulması zamanı isə Yer Günəşlə Ay arasına düşür və Günəş işığının Ay səthinə birbaşa çatmasını məhdudlaşdırır. Bu zaman Yerin kölgəsi Ayın üzərinə düşür və Ay tutulması baş verir. Ay tutulmaları adətən Günəş tutulmalarından daha uzun çəkir, çünki Yerin kölgə sahəsi Ayın kölgəsindən daha böyükdür. Ay tutulması yalnız tam Ay fazasında baş verir.

Ay, Yer və Günəşin qarşılıqlı vəziyyətindən asılı olaraq tutulmalar müxtəlif tiplərdə müşahidə edilir. Günəş tutulmaları tam, halqalı, qismən və hibrid növlərə ayrılır. Ay tutulmaları isə tam, qismən və yarımkölgəli ola bilər.

Tam Ay tutulması təxminən 105 dəqiqəyə qədər davam edə bildiyi halda, Günəş tutulmasının tam fazasının maksimum müddəti cəmi təxminən 7 dəqiqədir. Bu fərq Ayın kölgəsinin Yerin kölgəsindən  kiçik olmasına bağlıdır.

2026-cı ildə iki Günəş və iki Ay tutulması müşahidə olunacaq. İlin ilk tutulması halqalı Günəş tutulması olacaq. Tutulma 17 fevral 13:56-da başlayıb, 18:27-də bitəcək. Maksimumum 16:12-yə uyğun gələn bu tutulma əsasən Antarktidadan görünəcək. tutulmanın növü həm də müşahidəçinin mövqeyindən asılı olduğundan, Argentinanın, Çili cənubu,  Afrikanın cənub hissəsində, Sakit, Atlantik və Hind okeanında müşahidə olunacaq.

12 avqustda baş verəcək tutulma tam Günəş tutulması olacaq. Tutulma 19:34-də başlayıb, 23:57-də bitəcək. Maksimumum 21:46-da olacaq. Tutulma Arktika, Sakit, Atlantik Okean, Kanada, ABŞ-nin şimal hissəsi, Avropa, Rusiya, Afrikanın şimal-qərbi hissəsində müşahidə olunacaq.

3 mart 12:44-də başlayacaq və 18:23-də bitəcək. Tam Ay tutulması olacaq. Bu tutulma Asiya, Avstraliya, Şimali Amerika və Cənubi Amerika, Arktika, Antarktida və Sakit, Atlantik, Hind okeanında müşahidə olunacaq. Tam Ay tutulması zamanı Ayın rəngi qırmızı çalara boyanır, hansı ki, “qanlı Ay” kimi tanınır. Tutulma zamanı Yer atmosferindən keçən ancaq Günəş şüalarının ancaq uzundalğalı hissəsi Ayın səthinə çata bildiyi üçün və Ay qırmızı rəngə bürünür.

İlin son tutulması Ay tutulması olacaq və bu tutulma qismən Ay tutulmasıdır. Tutulma 28 avqust 05:23-də başlayacaq və 11:01-də bitəcək. Bu tutulma Avropa, Afrika, Şimali və Cənubi Amerika, Sakit, Atlantik və Hind Okeanında müşahidə olunacaq.  Azərbaycan üçün 05:35-də artıq mülki alaqaranlıq vaxtıdır və Ay üfüqdən yuxarıda olsa da, tutulma başlayandan cəmi 12 dəqiqə sonra hava işıqlanmağa başlayacaq, bu müddət isə  yarımkölgəli tutulma fazasına düşəcək. Yarım kölgəli Ay tutulması isə adi gözlə çətin seçilir, sadəcə Ayın işığının cüzi azalması kimi hiss olunur.