257 nömrəli məktəbdə kütləvi zəhərlənmə iddiaları ilə bağlı AÇIQLAMA

1 May, 2026 - 17:39
257 nömrəli məktəbdə kütləvi zəhərlənmə iddiaları ilə bağlı

Sosial şəbəkələrdə Bakı şəhəri Xətai rayonu 257 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə hadisəsinin baş verdiyi ilə bağlı iddialar səsləndirilib.

Məktəbdən "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib ki, mayın 1-də nəm salfetdən istifadə nəticəsində məktəbin V sinfinin bir neçə şagirdinin əlində allergik əlamətlər müşahidə olunub:

"Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma məlumat verilib, şagirdlər yerində müayinə olunub və onlara müvafiq yardım göstərilib.  

Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib.

Hazırda şagirdlərin vəziyyəti normaldır", – deyə açıqlamada qeyd olunub.

TƏBİB-dən isə sorğumuza cavab olaraq bildirilib ki, 01.05.2026-cı il tarixində saat 15:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Bakı şəhəri, Xətai rayonu, 257 nömrəli məktəbdən nəm salfetdən keçən allergiya səbəbilə çağırış qeydə alınıb: “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 7 nəfərə yerində ilkin tibbi yardım olunub”.