300 mindən çox şagird monitorinqə cəlb olunacaq
5–6 iyun 2026-cı il tarixlərində ölkə üzrə IV və VI sinif şagirdləri arasında monitorinq keçiriləcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil olunan monitorinqlərdə ümumilikdə 300 mindən çox şagird iştirak edəcək.
Monitorinqə IV siniflər üzrə 137 381, VI siniflər üzrə isə 139 974 şagird cəlb olunacaq. Bununla yanaşı, 13 552 şagird kompüter əsaslı (elektron) monitorinqdə iştirak edəcək.
Bu il monitorinqlərdə bir sıra yeniliklər tətbiq olunacaq. İlk dəfə olaraq şagirdlərə üzərində onların adı, UTİS kodu, aid olduqları təhsil müəssisəsinin UTİS kodu və monitorinq mərkəzinin kodu qeyd edilmiş fərdiləşdirilmiş cavab kartları təqdim ediləcək. Həmçinin monitorinq tapşırıqlarına ilk dəfə açıq tipli suallar daxil ediləcək.
Qeyd edək ki, monitorinqlər şagird nailiyyətlərinin yaxşılaşdırılması, müvafiq standartlar üzrə bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi, eləcə də tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsinə xidmət edir.



