38 kollecdə islahat aparılıb – EATDA rəsmisi

27 Oktyabr, 2026 - 12:47
38 kollecdə islahat aparılıb – EATDA rəsmisi

“Son il yarım ərzində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində olan 38 orta ixtisas təhsili müəssisəsində islahatlar aparılıb. Bu müddətdə kolleclərdə idarəetmənin təkmilləşdirilməsi, struktur və kadr dəyişiklikləri, eləcə də təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilib”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri "Bir əsrlik yolun davamı: Türkologiyanın yeni istiqamətləri" adlı tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov bildirib.

Onun sözlərinə görə, qısa müddətdə orta ixtisas təhsili müəssisələrində genişmiqyaslı dəyişikliklərin həyata keçirilməsi böyük əmək və davamlı fəaliyyət tələb edir:

“Cəmi il yarım ərzində 38 kolleci islahat prosesinə cəlb etmək, onların idarəetmə və strukturunda dəyişikliklər aparmaq, funksional fəaliyyətini yeniləmək, kadr potensialının və təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər görmək böyük zəhmət və iradə tələb edir”.

S.Həmidov qeyd edib ki, həyata keçirilən tədbirlərin nəticələri ölkənin müxtəlif bölgələrində yerləşən orta ixtisas təhsili müəssisələrinin fəaliyyətində də müşahidə olunur:

“Bu gün Qazaxda, Zaqatalada, Naxçıvanda və Bakıda yerləşən orta ixtisas təhsili müəssisələrində ciddi canlanma, inkişaf və dəyişikliklər müşahidə edilir. Bütün bunlar Elm və Təhsil Nazirliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlərin nəticəsidir”, - Agentlik rəsmisi vurğulayıb.