Məktəblərin maliyyələşdirilməsinə dair məlumatlar ictimaiyyətə açıqlanacaq
Adambaşına maliyyələşdirmə mexanizmi tətbiq edilən dövlət məktəbləri üzrə ayrılan vəsait və onun istifadəsi ilə bağlı məlumatlar ictimaiyyətə açıqlanacaq.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu, “Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiq edilməsi Qaydaları”nda öz əksini tapıb.
Sənədə əsasən, maliyyələşdirmə çərçivəsində hər bir məktəb üzrə ayrılmış vəsaitin həcmi və bir təhsilalana düşən illik təhsil xərcləri barədə ümumiləşdirilmiş məlumatlar hər il Elm və Təhsil Nazirliyinin rəsmi internet saytında dərc ediləcək.
Bununla yanaşı, məktəblərin fəaliyyəti yalnız maliyyə göstəriciləri əsasında deyil, təhsilin nəticələri və resurslardan səmərəli istifadə baxımından da qiymətləndiriləcək. Eyni zamanda, şagirdlərin davamiyyəti, təlim nəticələri kimi göstəricilər nəzərə alınacaq.
Qaydalara uyğun olaraq, məktəblər ayrılmış vəsaitdən təyinatı üzrə istifadə etməli, maliyyə və təhsil nəticələri barədə hesabat təqdim etməlidirlər.
Qeyd edək ki, yeni mexanizmin tətbiqinə nəzarəti Elm və Təhsil Nazirliyi və aidiyyəti dövlət orqanları həyata keçirəcək.




