ADPU ilə Corc Vaşinqton Universiteti arasında əməkdaşlığın inkişafı müzakirə olunub
ABŞ-nin nüfuzlu Corc Vaşinqton Universitetinin (CVU) nümayəndə heyətinin Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) işgüzar səfəri çərçivəsində ADPU rəhbərliyi ilə görüşü keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, rektorun müşaviri Ümid Mehdiyev, Corc Vaşinqton Universitetindən isə prorektorlar Sevinc Məmmədova və Terri Mörfi, CVU-nun Biznes Məktəbinin dekanı Sevin Yeltekin və Mühəndislik Məktəbinin dekanı Con Lok iştirak ediblər.
Görüş zamanı iki universitet arasında 2020-ci ildən etibarən həyata keçirilən Təhsil siyasəti və idarəetməsi ixtisaslaşması üzrə ikili diplom magistratura proqramının icra vəziyyəti, əldə olunan nəticələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Proqram çərçivəsində formalaşmış əməkdaşlıq təcrübəsinin genişləndirilməsi, növbəti mərhələdə birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, eləcə də ikili doktorantura proqramının yaradılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər mövcud tərəfdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsinin, akademik və elmi əməkdaşlığın dərinləşdirilməsinin, hər iki universitetin potensialından qarşılıqlı faydalanmaq üçün yeni təşəbbüslərin reallaşdırılmasının əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, 2020-ci ildən həyata keçirilən Təhsil siyasəti və idarəetməsi ikili diplom magistratura proqramı indiyədək 122 məzun yetişdirib. Hazırda proqramın birinci tədris ilində 26, ikinci tədris ilində isə 29 magistrant təhsil alır.




