ADAU-da “İdeya günləri” müsabiqəsi keçiriləcək

13 Noyabr, 2026 - 15:13
ADAU-da “İdeya günləri” müsabiqəsi keçiriləcək

Azərbaycan Dövlət Aqrar Universitetində  (ADAU) “İdeya günləri” müsabiqəsi təşkil olunacaq.

“Azərbaycan müəllimi” xəbər verir ki, müsabiqənin əsas məqsədi kənd təsərrüfatı, texnologiya və biznes sahələrində yeni ideyaların üzə çıxarılması, tələbələrin innovativ düşüncə və təşəbbüslərinin dəstəklənməsidir.

Müsabiqə çərçivəsində iştirakçılar öz ideyalarını slayd, yazılı mətn və ya video formatında təqdim edə bilərlər. Hər iştirakçıya ideyasını təqdim etmək üçün 5 dəqiqə vaxt ayrılacaq.

İştirakçılar müsabiqə vasitəsilə ideyalarının reallaşdırılması istiqamətində İnnovasiyalar Mərkəzinin dəstəyini qazanmaq, hakaton və ideatonlarda iştirak üçün təqdimat (pitç) təcrübəsi əldə etmək, peşəkarlardan rəy və tövsiyələr almaq, eləcə də komanda qurmaq və təqdimat bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, “İdeya günləri” ADAU-nun fakültələrində təşkil olunacaq.

Müsabiqədə iştirak etmək istəyənlər qeydiyyat linki vasitəsilə müraciət edə bilərlər.

Əlavə məlumat üçün innovation@adau.edu.az elektron poçt ünvanına müraciət etmək mümkündür.