Etik davranış qaydalarına edilən əlavə müəllimlər üçün yeni öhdəlik deyil
Təhsilverənlərin etik davranış qaydalarına edilən yeni əlavə ilə bağlı yayılan məlumatlarda müəllimlər üçün yeni öhdəliyin, qadağanın müəyyən edildiyi qeyd olunur.
"Azərbaycan müəllimi" xəbər verir ki, sözügedən müddəa yeni öhdəlik deyil. Belə ki, uşaqların fiziki və psixi zorakılığın bütün formalarından qorunması, zərərli vərdişlərdən çəkindirilməsi, onların şərəf və ləyaqətinə hörmət edilməsi, eləcə də təhsil müəssisələrində intizam tədbiri kimi zorakılığın hər hansı formasının tətbiqinin qadağan olunması “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 25.8-ci maddəsində artıq təsbit edilib.
Təhsilverənlərin etik davranış qaydalarına edilən əlavə məhz həmin qanunvericilik normasının etik davranış çərçivəsində də əks etdirilməsinə və müəllimlərin peşə fəaliyyətində bu tələblərin rəhbər tutulmasına xidmət edir.
Bu baxımdan, dəyişiklik müəllimlər üçün tamamilə yeni öhdəlik müəyyən etmir, mövcud qanunvericilik tələblərinin təhsilverənlərin etik davranış qaydalarına uyğunlaşdırılmasını nəzərdə tutur.
Uşaqların hüquqlarının qorunması, onların təhlükəsiz və sağlam təhsil mühitində inkişafının təmin edilməsi müəllimlərin fəaliyyətində əsas prinsiplərdən biridir.




