Gələn il təhsil sahəsində hansı yeniliklər olacaq?
2027-ci ilin dövlət büdcəsinin xərc istiqamətləri çərçivəsində təhsil sektorunun müxtəlif sahələri üzrə nəzərdə tutulan maliyyələşmə həcmləri və gözlənilən nəticələr açıqlanıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı məlumat verib.
Bildirib ki, ali təhsildə dövlət sifarişi üzrə (təhsil xərci və təqaüd) 613,0 milyon manat maliyyələşmə nəticəsində 149 min tələbənin təhsili və 119 min tələbəyə təqaüd verilməsi təmin olunacaq.
Sertifikatlaşdırma əlavələri üçün 286,4 milyon manat vəsait yönəldilərək bu məbləğ sertifikatlaşdırmadan uğurla keçmiş şəxslərə veriləcək.
Qeyd edilib ki, ümumi təhsildə adambaşına maliyyələşmə istiqamətində 223,8 milyon manat vəsaitlə 2027-ci ildə sistemin 100 məktəbdə tətbiqi və təqribən 80-90 min şagirdin əhatə olunması nəzərdə tutulur. Qarabağ Universiteti və Klinikası üçün 51,0 milyon manat vəsait ayrılmaqla 3 324 tələbənin, o cümlədən 250 tibb tələbəsinin təhsil alması gözlənilir.
Peşə təhsilində adambaşına maliyyələşməyə 38,4 milyon manat ayrılacaq və bu təqribən 16 min tələbəni əhatə edəcək.
Alternativ məktəbəqədər modellər üçün 37,5 milyon manat vəsait hesabına alternativ modellərlə məktəbəqədər təhsil təminatı həyata keçiriləcək. Təhsilin informasiyalaşdırılmasına 36,8 milyon manat maliyyələşmə sərf olunaraq rəqəmsal məktəb, süni intellekt alətləri, internet və şəbəkənin inkişafı təmin ediləcək.
Təhsil tələbə kreditləri üzrə 35,0 milyon manat vəsait çərçivəsində təqribən 97 min kredit rəsmiləşdirilib. SABAH proqramına isə 22,5 milyon manat maliyyələşmə nəticəsində 19 universitetdə 7 500 tələbə və 80 doktorant əhatə olunacaq.




