Adambaşına maliyyələşmənin tətbiq ediləcəyi məktəblərin sayı 500-dən çox olacaq – Nazir müavini

13 Noyabr, 2026 - 12:16
Adambaşına maliyyələşmənin tətbiq ediləcəyi məktəblərin sayı 500-dən çox olacaq

Azərbaycanda 1 şagirdə düşən məbləğ orta hesabla 1 710 manat təşkil edir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Nazir müavini bildirib ki, ölkədə şagirdlərin 60 faizi 833 məktəbdə, yəni ümumi məktəblərin 21 faizində təhsil alır: “223,8 milyon manat 2027-ci ildə 100 müəssisədə adambaşına maliyyələşdirmə sisteminin tətbiqi üçün nəzərdə tutulub. Adambaşına maliyyələşmənin mərhələlərlə tətbiq ediləcəyi məktəblərin sayı 500-dən çox olacaq və bu, ümumi məktəblərin sayının 15 faizini təşkil edəcək”.

Nazir müavininin sözlərinə görə, hazırda 11 müəssisədə adambaşına maliyyələşmə tətbiq edilir və bu 12 min nəfəri əhatə edir: “2027-ci ildə adambaşına maliyyələşmə 16 min tələbəni əhatə edəcək. Peşə təhsilində adambaşına maliyyələşmə istiqamətinə 38,4 milyon manat ayrılacaq”.