Kənan Kərimzadə: Dövlət büdcəsi xərclərində təhsilin payı 12 faizdir

13 Noyabr, 2026 - 12:09
Kənan Kərimzadə: Dövlət büdcəsi xərclərində təhsilin payı 12 faizdir

“Dövlət büdcəsindən təhsilə ayrılan vəsait son illərdə dəfələrlə artıb. Əgər 2022-ci ildə təhsilə 3,89 milyard manat vəsait ayrılmışdısa, 2027-ci ildə bu vəsait 5,10 milyard manata çatıb”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Nazir müavinin sözlərinə görə, bu, 30 faiz artım deməkdir: “Dövlət büdcəsi xərclərində təhsilin payı 12 faiz, təhsil xərclərinin ÜDM-də payı isə 3,6 faiz təşkil edir”.

Kənan Kərimzadə təhsil sahəsində görülən işləri diqqətə çatdıraraq bildirib ki, hazırda təhsilin bütün pillələri üzrə 2,2 milyon nəfər təhsil alır. 128 min uşaq I sinfə gedir, 120 mindən çox müəllim isə ümumi təhsil sahəsində çalışır: “2022-ci ildən başlayaraq həyata keçirilmiş strategiya tədbirlərinin nəticəsi olaraq 104 mindən çox müəllim sertifikatlaşdırmaya cəlb olunub, 91 mindən çox müəllimin əməkhaqqısına əlavələr edilib. Məktəbəqədər təhsilin əhatəliliyi isə 42 faizə çatıb. Bu göstərici 2013-cü ildə 16 faiz idi”.