Anar İsgəndərov: Gənclərin kənd məktəblərində işə cəlbi üçün əlavə güzəştlərə ehtiyac var
Pedaqoji təhsilli gənclərin kənd məktəblərində işə cəlb olunması üçün mövcud təşviq tədbirləri ilə yanaşı, əlavə güzəştlərin tətbiqinə ehtiyac var.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
Komitə sədri bildirib ki, 2027-ci ildə pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş 12,6 mindən çox gənc mütəxəssisin kənd məktəblərinə işə cəlb olunmasının stimullaşdırılması üçün 20,9 milyon manat vəsait nəzərdə tutulub.
Onun sözlərinə görə, həmin vəsait gənc mütəxəssislərin yol və əmlakın daşınması xərclərinin, ilkin yaşayış şəraitinin yaradılması, kommunal xidmətlər və kirayə haqqı üzrə kompensasiyaların, həmçinin aylıq əməkhaqqına əlavələrin ödənilməsinə yönəldiləcək: “Pedaqoji təhsilli gənclərin kəndlərə getməsi üçün təkcə təbliğat kifayət etmir. Diqqəti cəlb edən güzəştlərə çox böyük ehtiyac var”.
A.İsgəndərov qeyd edib ki, dağlıq rayonlarda şagirdlərin sayının azalması da diqqət tələb edən məsələlərdəndir. Onun sözlərinə görə, ailələrin müxtəlif səbəblərdən kəndləri tərk etməsi ilə bağlı köklü qərarların qəbuluna ehtiyac var: “Pedaqoji təhsilli gənclərin kənd məktəblərində işləməsinə mane olan səbəblərin aradan qaldırılması vacibdir”.




