“Tədqiqat universiteti” statusunun verilmə TƏLƏBLƏRİ müəyyənləşdi

13 Noyabr, 2026 - 20:28
“Tədqiqat universiteti” statusunun verilmə TƏLƏBLƏRİ müəyyənləşdi

Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün tələblər təsdiq edilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu Elm və Təhsil Nazirliyinin təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 5 (beş) il müddətinə verilir.

“Tədqiqat universiteti” statusu elmi tədqiqat fəaliyyəti, elmi kadr hazırlığı, akademik heyət və elmi infrastruktur üzrə bu Tələblərlə müəyyən edilmiş tələbləri təmin edən və ən azı 5 (beş) il fəaliyyət göstərən ali təhsil müəssisəsinə verilir.

“Tədqiqat universiteti” statusu verilməsi üçün ali təhsil müəssisəsi elmi tədqiqat fəaliyyəti istiqamətində aşağıdakı tələbləri təmin etməlidir:

– "Scopus" və ya "Web of Science" beynəlxalq elmi bazalarında (bundan sonra - beynəlxalq elmi baza) indekslənən elmi nəşrlərin ortaillik sayı (ən azı 250 məqalə)

- müraciətin təqdim edildiyi tarixdən əvvəlki son 3 (üç) təqvim ili üzrə;

– beynəlxalq elmi bazada indekslənən elmi nəşrlərin sayının akademik heyətin sayına nisbəti (ən azı 0,5 məqalə / 1 müəllim / il), o cümlədən həmin nəşrlərə verilmiş istinadların akademik heyətin sayına nisbəti (ən azı 5 istinad / müəllim / il) - müraciət etdiyi təqvim ilinin əvvəlinə;

– beynəlxalq elmi bazada əcnəbi tədqiqatçılarla birgə dərc etdirilmiş elmi nəşrlərin sayının ali təhsil müəssisəsinin bu bazalardakı bütün nəşrlərinin sayına nisbəti (ən azı 25 faiz) - müraciət etdiyi təqvim ilindən əvvəlki il üzrə;

– beynəlxalq elmi bazada magistr və doktorantlarla birgə dərc etdirilmiş elmi nəşrlərin sayının ali təhsil müəssisəsinin bu bazalardakı bütün nəşrlərinin sayına nisbəti (ən azı 15 faiz) - müraciət etdiyi təqvim ilindən əvvəlki il üzrə;

– ali təhsil müəssisəsinə aid olan və müvafiq qaydada qeydiyyata alınmış ixtira, faydalı model və sənaye nümunəsi və ya verilmiş patentlərin ümumi sayı - son 5 (beş) təqvim ili üzrə (ən azı 10);

– elmi tədqiqat xərclərinin ali təhsil müəssisəsinin ümumi illik büdcəsində payı (ən azı 10 faiz) - müraciətin təqdim edildiyi tarixdən əvvəlki son 3 (üç) təqvim ili üzrə.

 Elmi kadr hazırlığı

– “Tədqiqat universiteti” statusu verilməsi üçün ali təhsil müəssisəsi müraciət etdiyi təqvim ilinin əvvəlinə elmi kadr hazırlığı istiqamətində aşağıdakı tələbləri təmin etməlidir:

– magistraturada (yalnız magistrlik dissertasiyası yazanlara münasibətdə (rezidenturada) təhsil alanların və doktorantların ümumi tələbə kontingentində payı (ən azı 10 faiz);

– magistratura (rezidentura) və doktorantura səviyyələri üzrə mövcud olan ixtisasların sayı (hər bir səviyyə üzrə ən azı 15 ixtisas).

Akademik heyət

– “Tədqiqat universiteti” statusu verilməsi üçün ali təhsil müəssisəsi müraciət etdiyi təqvim ilinin əvvəlinə akademik heyəti üzrə aşağıdakı tələbləri təmin etməlidir:

– elmi dərəcəyə malik olan professor-müəllim heyətinin təhsilverənlərə nisbəti (ən azı 70 faiz);

– akademik heyətin tərkibində elmi adı olan şəxslərin sayının elmi dərəcəyə malik akademik heyətin sayına nisbəti (ən azı 50 faiz);

– xaricdə ali təhsil almış və beynəlxalq elmi təcrübəyə malik professor-müəllim heyətinin mövcudluğu (ən azı 20 faiz).

Elmi infrastruktur

– “Tədqiqat universiteti” statusu verilməsi üçün ali təhsil müəssisəsi müraciət etdiyi təqvim ilinin əvvəlinə mövcud elmi infrastrukturu üzrə aşağıdakı tələbləri təmin etməlidir:

– tədqiqat avadanlıqları ilə təchiz edilmiş elmi laboratoriyaların və tədqiqat mərkəzlərinin mövcudluğu (ən azı 5 mərkəz və ya laboratoriya);

– beynəlxalq elmi informasiya bazalarına və elektron kitabxana resurslarına çıxış ("Scopus" və "Web of Science");

– texnologiya transferi ofisinin, innovasiya və startap fəaliyyətini dəstəkləyən struktur bölmələrin fəaliyyəti (texnologiya transferi ofisi və startap mərkəzi).