Məktəblərin infrastrukturu ilə bağlı işlərin miqyası genişləndirilməlidir – Deputat
2026–2027-ci tədris ilində ümumi təhsil müəssisələrinin şagirdlərinin 300-dən çox adda, təxminən 7,2 milyon nüsxə pulsuz dərsliklə təmin olunması və metodik vəsaitlərin alınması ilə bağlı xərclərə 17 milyon manat ayrılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “ Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
Komitə sədri bildirib ki, 2027-ci ilin dövlət büdcəsi layihəsində təhsil xərcləri üçün 5 milyard 99 milyon manat vəsait nəzərdə tutulub və bu, 2026-cı illə müqayisədə 82,6 milyon manat, 2025-ci ilin icrası ilə müqayisədə isə 479,5 milyon manat çoxdur.
Deputat təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması məsələsinə də toxunub. O, hər il yeni məktəb və bağçaların tikildiyini, mövcud müəssisələrin təmir olunduğunu bildirərək bu işlərin miqyasının daha da genişləndirilməsini məqsədəuyğun hesab edib.




