4-cü sinif şagirdlərinin ən çox çətinlik çəkdiyi mövzular açıqlanıb

11 Sentyabr, 2026 - 11:17
4-cü sinif şagirdlərinin ən çox çətinlik çəkdiyi mövzular açıqlanıb

“4-cü sinif şagirdləri həndəsə və ölçmə suallarında çətinlik çəkirlər".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu 2026-2027-ci tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransında Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev bildirib. 
O qeyd edib ki, 4-cü sinif şagirdlərinin riyaziyyat üzrə nəticələri məzmun xətləri əsasında da təhlil edilib. Nəticələrə əsasən, şagirdlər ədədlər və əməllər, həmçinin cəbr və funksiyalarla bağlı tapşırıqları daha yaxşı cavablandırırlar.

Bildirilib ki, həndəsə və ölçmə məzmun xətti üzrə isə şagirdlərin nəticələri daha aşağıdır. Xüsusilə həndəsi fiqurların sahəsi və perimetri ilə bağlı tapşırıqlar ən çətin suallar sırasında yer alıb. Belə tapşırıqlarda düzgün cavablandırma faizi 38 faiz təşkil edib.

Elnur Əliyevin sözlərinə görə, statistika və ehtimal üzrə 4-cü sinif səviyyəsində tapşırıqlar əsasən sadə və baza xarakterli olsa da, şagirdlər məlumatların oxunması və müxtəlif qrafiklərdə təqdim olunan datanın təhlili ilə bağlı suallarda çətinlik çəkirlər.