“5 və 6-cı səviyyədə olan şagirdlərin faizini artırmaq istəyirik” – ARTİ rəsmisi
"Bizi ən çox narahat edən məqam şagirdlərin oxu bacarıqlarının aşağı olmasıdır".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev deyib.
Onun sözlərinə görə, bir çox ölkələr təhsil strategiyalarının nəticələrini PISA kimi beynəlxalq qiymətləndirmələr əsasında dəyərləndirirlər:
"İstəyirik ki, ikinci səviyyədən aşağı olan uşaqların faizi azalsın, 5-ci və 6-cı səviyyədə olan şagirdlərin faizi isə artsın. 5-ci və 6-cı səviyyə çox yüksək təfəkkür bacarıqlarına malik uşaqları əhatə edir. Ölkəni irəli aparan, fərqli yanaşmalar və innovativ həllər ortaya qoyan insanlar əsasən bu qrupdan formalaşa bilər".
Elnur Əliyev bildirib ki, son illərdə PISA nəticələrində təkcə Azərbaycanda deyil, bir sıra ölkələrdə və OECD üzrə orta göstəricidə azalma müşahidə olunur. Asiya ölkələrində - Çin, Cənubi Koreya, Sinqapur, Vyetnam və Yaponiyada isə müsbət tendensiyalar qeydə alınır:
“Hazırda biz 2009, 2018 və 2022-ci illərin nəticələrini görürük. Ən çox bizi narahat edən məqamlardan biri şagirdlərin oxu bacarıqlarının aşağı olmasıdır".
Müşavir qeyd edib ki, PISA-nın 2025-ci il üzrə nəticələri 8 sentyabr saat 10:30-da açıqlanacaq.




