5 yaşımdan kompüterlə maraqlanıram - 10 medallı istedadlı şagird

3 Dekabr, 2025 - 14:24
5 yaşımdan kompüterlə maraqlanıram

Naxçıvanın bütün məktəblərində gələcəyin alimi, müəllimi, sənətkarı, mühəndisi, ölkənin inkişafına töhfə verəcək ziyalısı yaşayır. “Azərbaycan müəllimi” də mütəmadi olaraq ailələrin dəstəyi, müəllimlərin diqqəti ilə məktəblərin elmi mühitində yetişən bu gəncləri oxuculara tanıdır. Bu gün haqqında söhbət açacağımız şagird də, bir gün öz səsini bütün ölkəyə, bəlkə də dünyaya çatdıracaq.

Söhbət Naxçıvan Dövlət Universitetinin nəzdində İngilis dili təmayüllü Gimnaziyanın 11-ci sinif şagirdi Hüseyn Tahirovdan gedir. 

Hüseyn Ordubad rayon internat məktəbində təhsil alıb, daha sonra muxtar respublika üzrə 2-ci yerin qalibi kimi orta təhsilini Gimnaziyada davam etdirib. Onun uğurları olduqca çoxdur. Belə ki, 6-cı sinifdə Respublika Fənn Müsabiqəsində riyaziyyat üzrə 4-cü yerə layiq görülüb. STEAM sahəsində keçirilən müxtəlif layihələrdə 6 dəfə qalib olub. 8-ci sinifdə “STEAM Azərbaycan 2022” Festivalında 2-ci yeri tutub. 9-cu sinifdə ilk dəfə olaraq VI Respublika Robot Olimpiadasına qatılıb və birinci yerin qalibi olub. Amerikanın Panama şəhərində 110-dan çox komandanın iştirak etdiyi komandalar üzrə WRO 2023 Panama – Azərbaycan nümayəndəsi kimi ölkəmizi təmsil edib. 

10-cu sinifdə VII Respublika Robot Olimpiadasının “Robosports” kateqoriyasında I yerin qalibi olub və 2024-cü ildə İzmir şəhərində keçirilən Dünya Robot Olimpiadasında “Robosports” kateqoriyası üzrə ölkəmiz adından yarışıb.  Azərbaycan bu olimpiadada 110 ölkə arasında 11-ci yeri tutub. Hüseyn “Coast Academy” və “Uğur” kurslarının təşkil etdiyi imtahan və olimpiadalarda 2-ci və 3-cü yerləri qazanaraq həmin il “İlin şagirdi” seçilib. Bundan əlavə, informatika fənnindən Respublika fənn olimpiadasında Naxçıvan üzrə ilk dəfə final mərhələsinə yüksəlib. 

Əlbəttə ki, Hüseyn Tahirovun bu uğurları, onun texnologiyaya olan marağı və yaradıcı yanaşmalarının nəticəsidir. 

İstedadlı şagirdin nailiyyətləri bununla bitmir. Onun da iştirakçısı olduğu “BioScript” komandası Naxçıvan Dövlət Universitetində keçirilən “İnnostart” layihəsində 3-cü yerin qalibi olub. Deyir ki, yarışda 500 manat qazanaraq layihələrinə investisiya əldə ediblər: “Bu komandada mən CEO & Baş developer, Hüseyn İmanov marketinq direktoru, Samir Həsənov isə biznesin idarə edilməsi üzrə çalışıb. Biz layihəmizi təsis elədik və rəsmi hüquqi şəxs statusu aldıq. Layihənin icrasına NDU-nun xəstəxanasında başlamışıq, TƏBİB-lə də danışıqlar aparmışıq. Nəticə olaraq Səhiyyə Nazirliyindən icazə alınarsa, Bakıda layihənin tətbiq olunacağını xəbər veriblər”.

Bəs bu layihə nədir? Hüseyn deyir ki, “BioScript” tətbiqi layihəsi biometrik məlumatları yazan sistemdir: “Misal üçün mən xəstəxanaya gedəndə bütün məlumatlarım bu cihaza göndərilir. Orada barmaq izindən bütün xəstəliklərimin tarixçəsi tapılır, tapılmasa belə, həkim  qeydiyyatdan keçirir, şikayətlərimi yazır və diaqnoz qoyur. Süni intellekt əvvəlki xəstəlikləri də analiz edərək həkimə rəy bildirir. Artıq resepti kağızda götürməyimə ehtiyacım qalmır. Barmaq izimi cihaz vasitəsilə aptektdə oxuduram, bütün dərmanları alıram. Daha sonra, həkim resepti bağlayır ki, bir daha istifadə olunmasın”. “BioScript yalnız texnologiya deyil - sağlamlığın gələcəyidir” deyən Hüseynin bu layihəsinə Naxçıvan Dövlət Universitetinin xəstəxanasının Baş həkimi Elmar Rzayev rəy verib. Rəydə yazılıb:

“Naxçıvan Dövlət Universitetinin xəstəxanası olaraq, “BioScript” sisteminin tibbi xidmətlərin keyfiyyətini artırmaqda və idarəetməni optimallaşdırmaqda mühüm rol oynaya biləcəyini görürük. Sistem, elektron məlumat bazası ilə tibbi tarixçəyə sürətli çıxış imkanı yaradır, biometrik resept sistemi ilə təhlükəsizliyi təmin edir və avtomatlaşdırılmış qeydiyyat prosesi ilə növbələri minimuma endirir. Bu yeniliklər xəstəxana daxilində effektivliyi yüksəldərək tibbi xidmətlərin sürətini və keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər”.

Əgər Səhiyyə Nazirliyi tərəfindən də müsbət rəy alınarsa, bu, Hüseynin ən böyük uğurlarından biri olacaq. 
Gimnaziyanın təhsil strategiyası gənclərin texnologiya sahəsində potensialını üzə çıxarmağa və onları beynəlxalq səviyyədə rəqabətə hazır vəziyyətə gətirməyə yönəlib. Belə təhsilin nəticəsidir ki, o 9-cu sinifdə keçirilən buraxılış imtahanında 291 bal toplayıb. Deyir ki, burada mütəmadi olaraq sınaq imtahanları da keçirilir: “Bu imtahanlarda 670-ə qədər bal toplaya bilirəm. Ali məktəbə hazırlıq elə burada keçirilir, başqa harasa getməyə ehtiyac yoxdur. Müəllimlərimiz bizə hər bir fəndən yüksək səviyyədə təhsil verirlər. Nahardan sonra bütün şagirdlər kimi, mən də dərslərimi gimnaziyada hazırlayıram. Burada həm də elə şərait yaradılıb ki, hansı sahə ilə məşğul olursansa, əlavə vaxtlarında STEAM və başqa otaqlarda hazırlaşa bilirsən”. 

10 medalı olan şagird 1-ci qrup üzrə hazırlaşır, kompüterə marağı olduğu üçün kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi kimi ixtisaslarda oxumaq, daha sonra isə ABŞ-də magistr təhsili almaq istəyir. Həmçinin gələcək hədəflərindən biri də TEXNOFEST yarışlarında uğur qazanmaqdır.
“Yarışlarda qalib olanda qürur və fəxr hiss keçirirəm”, - deyir Hüseyn.

“Naxçıvanın adının beynəlxalq yarışlarda, müxtəlif ölkələrdə hallanması bizim üçün çox qürurverci olur. Hətta biz komandamızın da adını həmişə Naxçıvan adı ilə bağlı qoymuşuq. Bu da əlbəttə təsadüfi deyil, NDU-nin apardığı uğurlu təhsil siyasəti və rektorumuz, direktorumuzun bizə verdiyi xüsusi dəstəyin nəticəsidir. Yarışlarda hər hansı ləvazimat, avadanlıq lazım olarsa, NDU rəhbərliyinin dəstəyi ilə onu əldə edə bilirik”. 

Hüseynin fikrincə uğurun səbəbi çox çalışmaq yox, məqsədli, optimal çalışmaqdır. Həmyaşıdlarına isə tövsiyə edir ki, həvəsləri olduğu sahənin arxasınca getsinlər: “Qarşımızda mütləq bir hədəf olmalıdır, hədəfi bilmədən çalışmaq nəticə verməz. Açıq və səmimi deyim ki, mən bura daxil olanda kimya-biologiya liseyi idi, hamı düşünürdü ki, həkim olmaq üçün buranı seçmişəm. Amma texnika sahəsi mənə daha cəlbedici gəlirdi və məqsədim fərqli idi. Atam həkim olmağımı çox istəyirdi, sonra gördü ki, mən texnika sahəsi üzrə daha çox nailiyyətlər əldə edirəm və gələcəkdə də edə bilərəm. Ona görə də dəstəkləməyə başladı. Çünki mən 5 yaşımdan kompüter işlədirəm. Atam da kompüter sahəsində çalışdığı üçün onun işini izlədikcə bu sahəyə marağım artıb”. 

Hüseynin qardaşı da Gimnaziyanın 7-ci sinif şagirdidir və onun yolu ilə gedir. İnanırıq ki, marağı, təhsili və əzmi onu gələcəkdə istədiyi sahə üzrə yaxşı bir mütəxəssis edəcək. 

Sevindirici haldır ki, Naxçıvanda təhsilin keyfiyyətinin yüksəldilməsi, innovativ yanaşmaların tətbiqi və yaradıcı gənclərin dəstəklənməsi nəticəsində ümumtəhsil məktəblərində xüsusi bacarıqlara malik şagirdlərin sayı ildən-ilə artır. Bu isə Naxçıvanın təhsil sistemində yeni uğurların əsasını qoymaqla yanaşı, regionun gələcək intellektual inkişafına da mühüm töhfə verir.